Hindistan bahalaşan qaz səbəbindən kömür istifadəsini kəskin artırıb

Hindistan bahalaşan qaz səbəbindən kömür istifadəsini

Dünyada CO₂ emissiyalarına görə üçüncü yerdə olan Hindistan elektrik enerjisi istehsalında kömür istehlakını artırmağa məcbur qalıb. Bu barədə CNBC yazır.

Bunun əsas səbəbləri anormal istilər və İranda baş verən müharibə fonunda enerji resurslarının tədarükündə yaranan fasilələrdir. Ölkədə artıq elektrik enerjisinin 70%-dən çoxu kömür hesabına istehsal olunur və bu göstərici artmaqda davam edir.

S&P Global-ın məlumatına görə, aprel ayında kömürlə elektrik istehsalı 164,9 QVt-a çataraq bir ayda 3,5% artıb. 40–45°C-yə çatan istilər səbəbindən elektrik enerjisinə tələbat rekord səviyyələrə yüksəlib.

Vəziyyəti geosiyasi amillər daha da ağırlaşdırır: Hörmüz boğazında yaranan problemlər fonunda mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri kəskin artıb. Hindistanın LNG idxalının təxminən 60%-i bu boğazdan keçir. Nəticədə qazla işləyən elektrik stansiyaları iqtisadi cəhətdən sərfəsiz hala gəlib və əsas yük kömür stansiyalarının üzərinə düşüb.

Analitiklər bildirirlər ki, El-Niño iqlim fenomeninin güclənməsi bu il kömürlə elektrik istehsalını əlavə 10% artıra bilər.

Kömürə tələbat sənayedə də yüksəlir. Məsələn, sement istehsalçıları Yaxın Şərqdəki münaqişə səbəbilə tədarükü çətinləşən və bahalaşan neft koksu əvəzinə kütləvi şəkildə kömürə keçirlər.

Bu məcburi kömür asılılığı Hindistanın iqlim hədəfləri üçün ciddi risk yaradır. Ölkə ötən ay iqtisadiyyatın karbon intensivliyini 2035-ci ilə qədər 47% azaltmağı və 2070-ci ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürmüşdü.

MONETAR.AZ