Qazaxıstanın fast-food restoran şəbəkəsi Lanzhou-nun təsisçisi Gulbanu Mayqarina şirkəti “unikorn”a – yəni dəyəri 1 milyard dollardan çox olan biznesə çevirməyi hədəflədiyini bildirib. Bu barədə Forbes Kazakhstan yazır.
Onun sözlərinə görə, 1 milyard dollarlıq qiymətləndirmə təkcə restoranların sayı ilə deyil, modelin miqyaslana bilməsi, coğrafi genişlənmə və pul axınının keyfiyyəti ilə bağlıdır.
“Biz gələcəkdə IPO-ya çıxacaq bir şəbəkə qururuq. Bu o deməkdir ki, hər bir tərəfdaş gələcək ictimai şirkətin bir hissəsidir,” – deyə Mayqarina qeyd edib.
Böyümə strategiyası və planlar
Şirkət artıq yaxın illər üçün inkişaf ssenarisini müəyyənləşdirib. İlk mərhələdə daxili bazarda mövqelərin gücləndirilməsi planlaşdırılır: 2026-cı ildə Qazaxıstanda restoranların sayı hazırkı 61-dən 73-ə çatdırılacaq və bu, təxminən 42 milyon dollar dövriyyə əldə etməyə imkan verəcək.
Növbəti mərhələ beynəlxalq genişlənmədir. Şirkət 2027-ci ildə ABŞ-da təxminən 10 restoran açmağı, 2029-cu ilə qədər isə bu sayını 100-ə çatdıraraq illik dövriyyəni 100 milyon dollara yüksəltməyi planlaşdırır.
Mayqarina hesab edir ki, şəffaf maliyyə hesabatları və təsdiqlənmiş biznes modeli ilə ABŞ-da 150–200 restoran mərhələsində milyard dollarlıq kapitallaşmaya nail olmaq mümkündür. O, bunu CAVA (361 restoranla 15 milyard dollardan çox dəyər) və Chipotle (3500 məntəqə ilə təxminən 81 milyard dollar) kimi nümunələrlə əsaslandırır.
Texnologiya və səmərəlilik
Şirkət yüksək nəticələrə avtomatlaşdırma hesabına çatmağı planlaşdırır. Məqsəd əl əməyinin 70%-ə qədərini texnologiyalarla əvəz etməkdir. Bu, mətbəx personalını 8–12 nəfərdən 3–5 nəfərə endirməyə və yemək hazırlanma vaxtını 45–90 saniyəyə qədər azaltmağa imkan verəcək.
ABŞ-da ilk restoranın açılışına təxminən 500 min dollar, sonrakı obyektlərə isə 350 min dollar investisiya nəzərdə tutulur. Gözlənilən geri dönüş müddəti təxminən 4 ildir.
ABŞ bazarına giriş nöqtəsi
Şirkət ABŞ-da fəaliyyətə başlamaq üçün Los Anceles şəhərini seçib. Bu seçim burada böyük Asiya diasporunun olması və fast-casual seqmentində iri miqyaslı əriştə şəbəkəsinin olmaması ilə izah olunur.
Eyni zamanda, burada gələcək genişlənmə üçün baza rolunu oynayacaq “Factory Kitchen” adlı istehsal mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz ABŞ-ın qərb sahillərində inkişaf üçün əsas platforma olacaq.
MONETAR.AZ