Hörmüzdəkı qeyri-müəyyənlik fonunda Avropada qaz qiymətləri kəskin artıb

Hörmüzdəkı qeyri-müəyyənlik fonunda Avropada qaz qiymətləri

Avropada qaz qiymətləri bugün günü əhəmiyyətli dərəcədə yüksəlib. Buna səbəb investorların Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ-ın yeni cəhdlərini və Vaşinqtonla Tehran arasında dalana dirənmiş danışıqları diqqətlə izləməsidir.

Saat 14:11-ə olan məlumata görə, Niderlandın TTF habında (Avropa üçün əsas göstərici) qaz fyuçersləri 3,6% artaraq 1 Mvt/saat üçün 47,47 avroya çatıb.

ABŞ prezidenti Donald Tramp həftəsonu “Project Freedom” adlandırdığı təşəbbüsü təqdim edib. Planın məqsədi dünya neftinin təxminən beşdə birinin daşındığı Hörmüz boğazında gəmi hərəkətini bərpa etməkdir. Lakin təşəbbüsün detalları açıqlanmayıb.

ING analitiklərinin fikrincə, bazar bu plana inam göstərmir. Bildirilir ki, hazırkı plan ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət etməsini nəzərdə tutmur. Bu isə yalnız məhdud sayda çıxışlara imkan verə və qısa müddətli rahatlama yarada bilər.

Associated Press xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi Birgə Dəniz İnformasiya Mərkəzi ənənəvi marşrutların cənubunda “yüksək təhlükəsizlik zonası” yaradıb.

Eyni zamanda, Iran hərbi qüvvələri ABŞ-a xəbərdarlıq edərək boğaza daxil olacağı təqdirdə “sərt cavab” veriləcəyini bildirib. Həmçinin qeyd olunub ki, kommersiya gəmiləri də Tehran tərəfindən təsdiq olmadan hərəkət etməməlidir.

ABŞ və İran arasında qarşıdurma daha bir həftə uzanıb və enerji qiymətləri münaqişədən əvvəlki səviyyədən xeyli yüksək qalmaqda davam edir. Bu isə qlobal iqtisadiyyata əlavə təzyiq yaradır.

İran son təklifinə ABŞ-ın cavabını nəzərdən keçirdiyini bildirsə də, diplomatik proses qeyri-müəyyən olaraq qalır. Tramp jurnalistlərə danışıqların “çox yaxşı getdiyini” desə də, daha əvvəl Tehranın təklifinin rədd edilə biləcəyini qeyd etmişdi.

MONETAR.AZ