Sürücülərin diqqətinə: paytaxtda müvəqqəti hərəkət zolaqları tətbiq olunacaq

Sürücülərin diqqətinə: paytaxtda müvəqqəti hərəkət zolaqları

Bakıda 17–22 may tarixlərində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində şəhərin bir sıra küçə və prospektlərində müvəqqəti ayrılmış hərəkət zolaqları təşkil ediləcək.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, bu zolaqlar Heydər Əliyev prospekti – Hava Limanı şosesi, eləcə də Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov və Mikayıl Müşfiq küçələrində tətbiq olunacaq.

Qeyd edilir ki, müvafiq yol nişanları quraşdırıldıqdan sonra zolaqlar rəsmi olaraq istifadəyə veriləcək. O vaxta qədər isə həmin hərəkət zolaqlarından bütün nəqliyyat vasitələri istifadə edə biləcək.

Xatırladaq ki, 13-cü Ümumdünya Şəhərsalma Forumu 17–22 may tarixlərində Bakıda keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən 20 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi bildirilir. Tədbir Azərbaycan ilə BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) arasında əməkdaşlıq çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər” və innovativ şəhər həlləri sahəsində qlobal təcrübə mübadiləsidir.