Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi skuter istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir:
“Məsuliyyətsizlik faciə ilə nəticələnə bilər. İlk növbədə paytaxtda müasir şəhərlər üçün xarakterik olan fərdi mobillik vasitələrindən istifadənin artması müsbət göstəricidir. Lakin skuterlər və digər oxşar nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına əməl olunmaması təhlükəsizlik baxımından yolverilməzdir və digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur.”
Qeyd olunur ki, skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları bunlardır:
- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, tarazlığın itirilməsi və qəza riskini artırır);
- səkilərdə və piyada zonalarında yüksək sürətlə hərəkət;
- svetofor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- qaranlıq vaxtda xəbərdaredici işıq və ya nişanlar olmadan hərəkət;
- azyaşlıların və idarəetmə bacarığı olmayan şəxslərin yol hərəkətində iştirakı.
“Sadalanan pozuntular təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda istənilən an ağır nəticələrə səbəb ola biləcək yol-nəqliyyat hadisələri üçün real təhlükə yaradır. Unutmamalıyıq ki, hansı nəqliyyat vasitəsini idarə etməyimizdən asılı olmayaraq, yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək borcumuzdur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, skuterləri və digər kiçik ölçülü elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər də yol hərəkətinin iştirakçılarıdır və digər sürücülər kimi qaydalara qeyd-şərtsiz əməl etməlidirlər”, — deyə müraciətdə vurğulanır.