Azərbaycanın kredit bazarında regionlar üzrə faiz dərəcələri arasındakı fərqlər getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son statistik göstəricilər təsdiqləyir ki, paytaxtdan uzaqlaşdıqca kreditlərin maya dəyəri artır və bəzi iqtisadi rayonlarda bu göstərici artıq 20 faiz həddini keçir. Bu isə regionlarda maliyyə əlçatanlığının hələ də ciddi problem olaraq qaldığını göstərir.
Hazırda ölkə üzrə kredit portfelinin ümumi həcmi 30 milyard manatdan çoxdur. Lakin bu vəsaitin böyük hissəsi Bakı və Abşeron iqtisadi zonasının payına düşür. Məhz burada kredit faizləri daha aşağı olduğuna görə ölkə üzrə orta göstərici 14.22 faiz səviyyəsində formalaşır.
Regionlarda isə vəziyyət əhəmiyyətli dərəcədə fərqlidir. Kredit bazarının daha kiçik olması, rəqabətin zəifliyi və yüksək risklər səbəbindən faiz dərəcələri kəskin şəkildə artır. Nəticədə bir çox iqtisadi rayonlarda kreditlər faktiki olaraq 20 faizə yaxın və ya bu həddən yuxarı təqdim olunur.
-
Dağlıq Şirvan – 20,34 %
-
Mərkəzi Aran – 20,09 %
-
Qarabağ – 20,02 %
-
Şirvan-Salyan – 19,84 %
-
Qazax-Tovuz – 19,83 %
-
Lənkəran-Astara – 19,8 %
-
Mil-Muğan – 19,54 %
Bu siyahıya liderlik edən Dağlıq Şirvan iqtisadi rayonu eyni zamanda kredit portfelinin həcminə görə ən kiçik bazarlardan biridir. Bu fakt bir daha göstərir ki, kiçik və məhdud bazarlarda kreditlərin maya dəyəri daha yüksək olur.
Maraqlı məqamlardan biri də odur ki, kredit portfelinin həcmi ilə faiz dərəcələri arasında birbaşa tərs mütənasiblik müşahidə olunur. Məsələn, Lənkəran-Astara iqtisadi rayonu təxminən 715 milyon manatlıq kredit portfeli ilə siyahıda ən böyük bazara malikdir. Buna baxmayaraq, burada orta faiz dərəcəsi yenə də 19.80 faiz təşkil edir ki, bu da ölkə ortalamasından xeyli yüksəkdir.
Əksinə, Dağlıq Şirvanda kredit portfeli cəmi 212 milyon manat olsa da, faizlər ən yüksək səviyyədədir. Bu isə risklərin və əməliyyat xərclərinin kiçik bazarlarda daha çox hiss olunduğunu göstərir.
Ekspertlər regionlarda yüksək faizlərin formalaşmasını bir neçə əsas faktorla izah edir. Regionlarda biznes kreditləri ilə müqayisədə daha yüksək faizli istehlak və mikrokreditlər geniş yayılıb. Kənd təsərrüfatı və kiçik ticarət fəaliyyəti ilə məşğul olan borcalanların gəlirləri mövsümi və qeyri-sabit olduğundan banklar risk marjasını artırır.
MONETAR.AZ