Kredit İttifaqları “ehtiyat tələsində": Zərər 4 dəfə artlb

Kredit İttifaqları “ehtiyat tələsində":

Azərbaycanın kredit ittifaqları sektoru 2026-cı ilin ilk rübünü ciddi maliyyə çətinlikləri ilə başa vurub. Rəsmi hesabatlara əsaslanan təhlil göstərir ki, sektor artıq mənfəət zonasından xeyli uzaqlaşıb və zərərin dərinləşməsi mərhələsinə daxil olub. Cari ilin ilk üç ayında kredit ittifaqlarının xalis zərəri illik müqayisədə  4 dəfə artıb.

Müqayisəli göstəricilər sektorda struktur problemlərinin daha da dərinləşdiyini ortaya qoyur. Faiz və qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalsa da, əsas təzyiq ehtiyat ayırmalarının kəskin artımından qaynaqlanır. Aktivlər üzrə mümkün zərərlərin örtülməsi üçün ayrılan vəsaitin 100% artaraq 10 milyon manata çatması sektorun maliyyə nəticələrini mənfi zonaya sürükləyib.

Vergidən əvvəl zərər 0,2 milyon manatdan 0,7 milyon manata qədər genişlənib, xalis zərər isə 0,18 milyon manatdan 0,7 milyon manata yüksəlib.

Ehtiyat ayırmalarındakı kəskin artım kredit portfelinin sağlamlığı ilə bağlı ciddi risklərə işarə edir. Borcalanların ödəniş qabiliyyətində zəifləmə müşahidə olunur və bu, kredit ittifaqlarını daha çox qoruyucu ehtiyat yaratmağa məcbur edir. Nəticədə, mövcud gəlirlər zərərin kompensasiyası üçün yetərli olmur.

Faiz gəlirlərinin 0,5 milyon manat səviyyəsində sabit qalması sektorun inkişaf potensialının məhdud olduğunu göstərir. Yeni müştərilərin cəlb edilməməsi və kredit portfelinin genişlənməməsi kredit ittifaqlarının bazarda banklar və bank olmayan kredit təşkilatları ilə rəqabətdə geri qaldığını göstərir.

Qeyri-faiz xərclərində müəyyən azalma qeydə alınsa da, bu, ümumi maliyyə nəticəsinə ciddi təsir göstərmir. Əməliyyat mənfəətinin dəyişməz qalması sektorun yalnız cari fəaliyyətini qorumağa çalışdığını, lakin artan riskləri idarə etməkdə çətinlik çəkdiyini göstərir.

Analitik qiymətləndirməyə görə, kredit ittifaqlarının kiçik miqyaslı fəaliyyəti onların əsas struktur zəifliyidir. Məhdud portfel daxilində bir neçə problemli kredit belə ümumi maliyyə sabitliyini poza bilir.

2026-cı ilin ilk rübü kredit ittifaqları üçün ciddi sınaq dövrü kimi qiymətləndirilə bilər. Mövcud tendensiyalar davam edərsə, sektor daha dərin maliyyə çətinlikləri ilə üzləşə bilər. Kredit keyfiyyətinin yaxşılaşdırılması, gəlir bazasının genişləndirilməsi və risk idarəetməsinin gücləndirilməsi yaxın dövr üçün əsas prioritetlər kimi çıxış edir.

MONETAR.AZ