Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ ilə bağlanmış ticarət razılaşmasının bir hissəsinin tez bir zamanda icra olunmasını tələb edir. Məqsəd avtomobillərə tətbiq oluna biləcək yeni gömrük rüsumlarının qarşısını almaqdır.
Avropa Parlamenti və Aİ Şurası çərşənbə günü ABŞ-dan idxal edilən mallara tariflərin azaldılması ilə bağlı qanunvericilik üzrə danışıqları davam etdirəcək. Parlament razılaşmaya əlavə zəmanətlər daxil edilməsini istəyir.
ABŞ prezidenti Donald Tramp ötən cümə günü bəyan edib ki, bu həftə Avropa İttifaqından idxal olunan avtomobil və yük maşınlarına rüsumları 25%-ə qədər artırmağı planlaşdırır. O, bunu Aİ-nin Şotlandiyadakı Turnberry qolf kurortunda iyul ayında əldə olunan razılaşmanın şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.
Razılaşmadan doqquz ay keçməsinə baxmayaraq, Aİ tərəfi sənaye mallarına ABŞ-dan idxal rüsumlarının ləğvi barədə öhdəliyi hələ yerinə yetirməyib. Avropa Parlamenti Trampın yeni tarif təhdidləri fonunda qanunvericiliyi iki dəfə dayandırıb. Bu təhdidlərə Avropa müttəfiqlərinin Qrenlandiyanın alınması ilə bağlı onun təklifini dəstəkləməməsi də səbəb kimi göstərilir.
Reuters-in Aİ diplomatlarına istinadən yaydığı məlumata görə, üzv dövlətlərin əksəriyyəti Parlament və Şuranın razılaşmanı tez bir zamanda tamamlamasının tərəfdarıdır.
Avropa Xalq Partiyasının lideri və Avropa Parlamentində ən böyük fraksiyanın rəhbəri Manfred Veber bildirib ki, danışıqlar sürətlə yekunlaşmalıdır ki, Parlament bu ay yekun təsdiqi verə bilsin.
MONETAR.AZ