Küveyt iyun ayında neft hasilatını gündəlik 2,6 milyon bareldən çox səviyyəyə çatdırmağı planlaşdırır. Bu barədə ölkənin neft naziri Tarik ər-Rumi OPEC+ çərçivəsində keçirilən görüşdən sonra məlumat verib.
Nazirin sözlərinə görə, keçirilən görüş bazarın tələbatına uyğun olaraq neft hasilatının mərhələli şəkildə artırılması qərarının icrasına nəzarət məqsədi daşıyıb.
Məlumata əsasən, Hörmüz boğazında yaranmış böhran fonunda apreldə Küveytdə neft hasilatı kəskin azalaraq 2,1 dəfə enib və gündəlik 1,213 milyon barel təşkil edib.
Nazir bildirib ki, Küveyt OPEC-in təsisçi ölkələrindən biri kimi alyans daxilində əməkdaşlıq prinsiplərinə sadiq qalır.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən ayrılması ilə bağlı məlumat yayılıb. Bununla belə, Rusiya tərəfi OPEC+ formatının qlobal enerji bazarlarında tənzimləyici rolunu davam etdirəcəyini gözləyir.
MONETAR.AZ