Avropada qaz qiymətləri Tramp–Si görüşü fonunda artıb

Avropada qaz qiymətləri Tramp–Si

Pekində Donald Tramp və Si Cinpin arasında keçirilən yüksək səviyyəli görüş enerji bazarlarında ehtiyatlı bir hərəkətliliyə səbəb olub. İnvestorlar bu görüşdən Yaxın Şərqdəki müharibənin gələcək taleyi və enerji təhlükəsizliyi ilə bağlı mühüm siqnallar gözlədiyi üçün Avropada təbii qaz qiymətlərində artım müşahidə edilib.

Avropanın enerji birjalarında qiymətlər aşağıdakı kimi formalaşıb:

  • Niderland TTF (Avropanın əsas etalonu): 1,0% artaraq 47,370 avro/MVt-saat səviyyəsinə yüksəlib.

  • Böyük Britaniya qaz kontraktı: 1,1% artaraq 116,25 pens/term təşkil edib.

Donald Trampın Pekindəki bəyanatları gözləniləndən daha müsbət tonda olub. Tramp Si Cinpini "dost" adlandırıb və sammitin hər iki tərəf üçün səmərəli keçdiyini bildirib. ABŞ Prezidenti Çin liderini cari ilin sentyabr ayında ABŞ-a səfər etməyə dəvət edib. Ticarət balansı, Tayvan məsələsi və süni intellektlə yanaşı, İrandakı münaqişənin enerji bazarlarına birbaşa təsiri əsas müzakirə bəndləri olub.

Qiymət artımının fundamental səbəbi yalnız diplomatik gözləntilər deyil, həm də fiziki tədarük zəncirindəki qırılmalardır. İrandakı müharibə və Hörmüz boğazı ətrafındakı gərginlik mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarını çətinləşdirib. Regiondakı gərginlik dünyanın ən böyük LNG ixracatçılarından olan Qətərin istehsal və yükləmə obyektlərinin fəaliyyətinə mənfi təsir göstərir. Asiya bazarlarında tələbatın yüksək olması və Qətərdən gələn qaz axınının zəifləməsi Avropanı daha bahalı qaz almağa məcbur edir.

 Bazar iştirakçıları ümid edirlər ki, Tramp-Si dialoqu regionda deeskalsiyaya (gərginliyin azalmasına) səbəb olacaq. Əks təqdirdə, enerji qiymətlərindəki volatillik (kəskin dalğalanma) payız-qış mövsümünə qədər davam edə bilər.

MONETAR.AZ