Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır. Bununla bağlı Prezident tərəfindən “Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən, yeni yaradılan Agentlik tullantıların idarə olunması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirəcək. Qurum tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, emalı, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması istiqamətlərində fəaliyyət göstərəcək.
Bundan əlavə, tullantı haqlarının toplanması da Agentliyin səlahiyyətlərinə aid ediləcək.
Sənədə əsasən, Nazirlər Kabineti iki ay müddətində Agentliyin əsasnaməsi, strukturu və işçi say həddi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Həmçinin tullantıların idarə olunması ilə bağlı qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə təkliflər də hazırlanacaq.
Fərmanda qeyd olunur ki, beş ay müddətində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsi də hazırlanmalıdır.
Nazirlər Kabinetinə Agentliyin maddi-texniki təminatı, maliyyələşdirilməsi və inzibati bina ilə təmin olunması istiqamətində də tapşırıqlar verilib.
Yeni qurumun yaradılması tullantıların idarə olunması sistemində vahid koordinasiya mexanizminin formalaşdırılması və ekoloji təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.