Azərbaycanda 2026–2028-ci illər üzrə Baş Kollektiv Saziş imzalanıb

Azərbaycanda 2026–2028-ci illər üzrə

Azərbaycanda sosial-iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm sənədlərdən biri hesab olunan 2026–2028-ci illər üzrə Baş Kollektiv Saziş imzalanıb. Sənəd hökumət, işçilər və işəgötürənlər arasında sosial tərəfdaşlıq mexanizminin növbəti üç il üçün əsas istiqamətlərini müəyyən edir.

Baş Kollektiv Saziş üçtərəfli idarəetmə modelinə əsaslanır və əmək münasibətlərinin balanslaşdırılması, sosial müdafiənin gücləndirilməsi, məşğulluğun artırılması və iqtisadi sabitliyin qorunmasını hədəfləyir. Saziş “yaşıl iqtisadiyyat”, rəqəmsallaşma və əmək bazarında yeni çağırışlar fonunda sosial dialoqun inkişafına yönəlib.

Sənəd hökumət tərəfindən Baş nazir Əli Əsədov, işçilər tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-nın sədri Sahib Məmmədov və işəgötürənlər tərəfindən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov tərəfindən imzalanıb.

Sazişdə əsas prioritet istiqamətlər kimi makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, regionların iqtisadi potensialının gücləndirilməsi, yoxsulluq və işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi müəyyən olunub. Bununla yanaşı, həssas sosial qrupların müdafiəsinin gücləndirilməsi də əsas hədəflər sırasında yer alır.

Sənəd həmçinin əmək münasibətlərində sosial dialoq mexanizmini gücləndirən “çətir sənəd” funksiyasını daşıyır. Bu çərçivədə iqtisadiyyatın müxtəlif sahələri üzrə bağlanacaq tarif sazişləri və müəssisə səviyyəsində imzalanacaq kollektiv müqavilələr məhz Baş Kollektiv Sazişin müəyyən etdiyi prinsiplərə uyğun qurulmalıdır.

Sazişdə tərəflərin öhdəlikləri də müəyyənləşdirilib. Hökumət investisiya mühitinin yaxşılaşdırılması və sosial ödənişlərin icrasını, həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsini, sahibkarlar isə yeni iş yerlərinin yaradılması və əmək təhlükəsizliyinin təmin edilməsini prioritet kimi götürür.

Analitik baxımdan sənəd Azərbaycanın iqtisadi inkişaf modelində insan kapitalına və sosial sabitliyə verilən önəmin göstəricisi hesab olunur. Ekspertlərin fikrincə, Baş Kollektiv Saziş növbəti üç il üçün əmək bazarında daha proqnozlaşdırılan mühit formalaşdıracaq və investorlar üçün sosial riskləri azaltmağa xidmət edəcək.

MONETAR.AZ