Bitcoin bu gün zəif dinamika nümayiş etdirib. ABŞ-da tənzimləyici siyasətlə bağlı qeyri-müəyyənliyin davam etməsi və spot birja fondlarından (ETF) kapital çıxışının sürətlənməsi kriptovalyutanın qiymət artımını məhdudlaşdırıb.
Bununla yanaşı, investorlar ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərini gözlədiklərindən bazarda ehtiyatlı mövqe üstünlük təşkil edib. Faiz dərəcələrinin artırılması ehtimalı da treyderlərin aktiv qərarlar qəbul etməsinə mane olan amillər sırasındadır.
Bakı vaxtı ilə saat 10:35-ə olan məlumata görə, Bitcoin 0,4% bahalaşaraq 74 749,1 dollara yüksəlib. Dünyanın ən böyük kriptovalyutası ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra ötən həftə ciddi itkilərlə üzləşsə də, cari həftədə mövqelərini qismən bərpa etməyə nail olub.
Lakin bu yüksəlişə ABŞ-dakı Bitcoin ETF-lərindən davam edən böyük həcmli vəsait çıxarılması mane olur. Ötən həftə həmin fondlardan 1,2 milyard dollardan çox kapitalın çıxmasından sonra mənfi tendensiya cari həftədə də davam edib.
SoSoValue platformasının məlumatına əsasən, təkcə bazar ertəsi Bitcoin ETF-lərindən 201 milyon dollar vəsait çıxarılıb.
Bitcoin-in qısamüddətli qiymət dinamikası həm ABŞ-ın monetar siyasəti ilə bağlı gözləntilərdən, həm də institusional investorların kriptovalyuta fondlarına münasibətindən asılı olaraq qalır.
MONETAR.AZ