Əvvəlki sessiyada qeydə alınan itkilərdən sonra Bitcoin bu gün 79 min dollar həddini keçib. Kriptovalyuta birja məhsullarına marağın yenidən artması bazara dəstək versə də, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artırması ehtimalı və neft qiymətlərinin yüksəlməsi ilə bağlı narahatlıqlar investorların risk iştahını məhdudlaşdırır.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:15 radələrində 1 faiz bahalaşaraq 79 111,2 dollara yüksəlib.
Bitcoin dünən 77 600 dollar ətrafında minimum səviyyəyə enmişdi. Ötən həftə kriptovalyuta 82 min dollar həddini keçsə də, ABŞ-də məşğulluq göstəricilərinin gözləntilərdən daha güclü açıqlanmasından sonra yenidən təzyiq altında qalıb.
Kriptovalyuta bazarında diqqət həmçinin Zcash-in sürətli bahalaşmasına yönəlib. “Grayscale” şirkətinin Zcash ETF fondunun aktivləri avqustun 25-də NYSE Arca birjasında debüt etməsindən təxminən iki həftə sonra 500 milyon dollara yaxınlaşıb. Son məlumatlara görə, fondun aktivləri 463 milyon dolları ötüb.
“Grayscale”in Zcash ETF-i ZEC tokeninə birbaşa çıxış təmin edən ABŞ-də ilk birja məhsulu kimi institusional investorların bu aktivə çıxış imkanlarını genişləndirib. Fondun bazara çıxması Zcash-ə marağın artmasına və tokenin son həftələrdə kəskin bahalaşmasına təsir edən amillərdən biri olub.
Beləliklə, Bitcoinin 79 min dollar üzərində möhkəmlənməsi kriptovalyuta bazarında alıcı marağının qismən bərpa olunduğunu göstərsə də, ABŞ-də pul-kredit siyasəti ilə bağlı gözləntilər və enerji qiymətlərinin yaratdığı inflyasiya riski yaxın müddətdə bazarın istiqaməti üçün əsas amillər olaraq qalır.
MONETAR.AZ