Böyük Britaniyada avtomobil bazarı 5,4 faiz böyüyüb

Böyük Britaniyada avtomobil bazarı

Böyük Britaniyada yeni avtomobil bazarı oktyabr ayında illik müqayisədə 5,4% artaraq 152 730 qeydiyyata çatıb. Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyətinin (SMMT) məlumatına görə, bu, bazarda ardıcıl 11-ci aylıq artım göstəricisidir.

Bazarın genişlənməsində əsas rolu elektrikli və qoşulan hibrid avtomobillər oynayıb. Xüsusilə akkumulyatorla işləyən elektromobillərin (BEV) satışında nəzərəçarpacaq artım qeydə alınıb.

Oktyabrda BEV qeydiyyatları ötən ilin eyni ayı ilə müqayisədə 32,7% yüksələrək yeni avtomobil bazarının 32%-ni təşkil edib. Bu, ilin əvvəlindən bəri qeydə alınan ən yüksək bazar payıdır. SMMT bu artımı istehsalçıların illik tənzimləyici hədəflərə çatmaq səyləri, modellərin geniş çeşidi və satış təşviqləri ilə əlaqələndirir.

İlin əvvəlindən oktyabrın sonunadək Böyük Britaniyada 503 805-dən çox elektromobil qeydiyyata alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4% çoxdur.

Qoşulan hibrid avtomobillərin (PHEV) qeydiyyatı da 30,1% artıb və bu modellərin bazar payı 15%-ə yüksəlib. Adi hibridlərin satışında isə 5%-lik azalma qeydə alınıb. Ümumilikdə elektrikləşdirilmiş avtomobillər oktyabr ayında bütün yeni qeydiyyatların 59%-ni təşkil edib.

Müştəri qrupları üzrə göstəricilərə əsasən, avtoparklar üçün avtomobil qeydiyyatları 5,4% artaraq 89 985 ədədə çatıb. Bu seqment ümumi bazarın 58,9%-ni təşkil edib.

Şəxsi alıcıların qeydiyyatları 4,1% artaraq 58 229 ədəd olub və bazarın 38,1%-nə bərabər təşkil edib. Kommersiya nəqliyyatının qeydiyyatı isə 24,5% yüksələrək 4 516 ədədə çatıb.

Hazırda Böyük Britaniya bazarında bir dəfə enerji doldurmaqla 300 mildən artıq məsafə qət edə bilən 180-dən çox elektromobil modeli təklif olunur.

Satışlarda artım müşahidə olunsa da, SMMT sıfır emissiyalı avtomobillərlə bağlı tənzimləyici hədəflər və bazarın real imkanları arasında fərqin qalmaqda olduğunu bildirir.

Cəmiyyətin proqnozlarına görə, 2026-cı ildə elektromobillərin yeni avtomobil bazarındakı payı 27,2% təşkil edəcək. Halbuki ZEV Mandate çərçivəsində müəyyən edilmiş hədəf 33%-dir.

2027-ci ildə BEV-lərin bazar payının 32%-ə çatacağı gözlənilir. Bu, həmin il üçün nəzərdə tutulan 38%-lik hədəfdən aşağıdır.

2028-ci il üzrə proqnoz daha böyük fərqə işarə edir: elektromobillərin bazar payının 37,5% olacağı gözlənildiyi halda, tələb olunan göstərici 52%-dir. Beləliklə, proqnozla tənzimləyici hədəf arasında 14,5 faiz bəndi fərq yaranır.

Avtomobil sənayesi hökuməti elektromobillərlə bağlı hədəfləri real bazar tələbatına uyğunlaşdırmağa və istehsalçılara tənzimləmə çərçivəsində daha geniş çeviklik verməyə çağırır.

Ötən həftə təqdim edilən büdcədə 2028-ci ildən elektromobillər üçün xüsusi verginin tətbiqi təsdiqlənib. Bundan başqa, ictimai şarj məntəqələrində elektrik enerjisinin doldurulmasına 20% ƏDV tətbiqinin davam etdirilməsi, evdə şarj xidmətinin isə ƏDV-dən azad saxlanılması təklif olunub.

Böyük Britaniyada elektromobil satışları sürətlə artsa da, sənayenin qarşısında əsas çağırışlardan biri bazar tələbatı ilə hökumətin sıfır emissiyalı nəqliyyata keçid hədəfləri arasındakı fərqi azaltmaq olaraq qalır.

MONETAR.AZ