Dünya bazarında Brent markalı neftin qiyməti 2 noyabrda kəskin ucuzlaşıb. Buna İranın ABŞ ilə münaqişəni hərbi qarşıdurma əvəzinə dialoq yolu ilə həll etmək niyyətində olması ilə bağlı xəbərlər təsir göstərib.
Monetar.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti gün ərzində 6,95% azalaraq bir barel üçün 105,55 dollara düşüb. Bakı vaxtı ilə saat 18:30-da ucuzlaşma 6,41% təşkil edib və qiymət 106,16 dollar olub.
Neft qiymətlərinin geriləməsinə İranın ali lideri Müctəba Xameneinin münaqişənin dialoq yolu ilə həlli üçün hökumətə müvafiq səlahiyyətlər verməsi barədə məlumatlar səbəb olub.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi problemi danışıqlar yolu ilə həll etməyə çalışır və ali lider bu istiqamətdə hökumətə müəyyən səlahiyyətlər verib.
ABŞ Prezidenti Donald Trampın da diplomatik danışıqlara daha çox vaxt ayırmağa üstünlük verdiyi bildirilir. Bu yanaşma neft bazarında Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri gücləndirib.
Xatırladaq ki, oktyabrın sonunda Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında tankerlərə hücumların intensivləşməsi fonunda Brent markalı neftin qiyməti 117 dolları ötərək 2026-cı ilin martından bəri ən yüksək səviyyəyə çatmışdı.
Analitiklər yaxın həftələrdə Brent markalı neftin qiymətinin 105-125 dollar intervalında dəyişə biləcəyini proqnozlaşdırırlar. Tərəflər arasında real razılaşma əldə olunacağı və boğazlardan neft tədarükünün bərpa ediləcəyi təqdirdə qiymətin 90 dollara və hətta daha aşağı səviyyəyə düşməsi mümkündür.
Bununla belə, Yaxın Şərqdə gərginliyin artması neftin yenidən bahalaşmasına səbəb ola bilər. Market Power analitiklərinin fikrincə, mövcud risklər nəzərə alınmaqla Brent markalı neftin qiyməti ən azı növbəti bir ay ərzində 100 dolların üzərində qala bilər.