Dünya əmtəə bazarlarında kənd təsərrüfatı məhsullarının fyuçers qiymətləri həftənin əvvəlində fərqli istiqamətlərdə hərəkət edib. Buğda və qarğıdalı ucuzlaşdığı halda, soya paxlası üzrə müqavilələr bahalaşıb.
Ticarət məlumatlarına görə, buğda üzrə dekabr fyuçersləri 0,10% azalaraq bir buşel üçün 5,899 dollara, qarğıdalı üzrə müqavilələr isə 0,08% ucuzlaşaraq 4,419 dollara düşüb. Soya paxlası üzrə yanvar fyuçersləri 0,25% artaraq bir buşel üçün 11,975 dollara yüksəlib.
Çikaqo birjasında soya üzrə ən aktiv müqavilənin qiyməti 0,7%-dək bahalaşıb. Bu, soya paxlasının ötən həftə 12 dollar səviyyəsindən aşağı düşməsindən sonra oktyabrın 23-dən bəri qeydə alınan ən güclü artımdır.
ABŞ-ın maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir cümə günü Çinin baş nazirinin müavini Xe Lifenlə telefon danışığında Pekini Amerika kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı razılaşmaları tam və dərhal yerinə yetirməyə çağırıblar.
Bununla belə, Futures International şirkətinin xammal satışı üzrə direktoru Co Devis Çinin alışlarının gömrük rüsumlarının azaldılmasından asılı olmasını risk amili kimi qiymətləndirib. Onun fikrincə, bazarda nikbinlik artsa da, hələlik əlavə tələbatı təsdiqləyən konkret göstəricilər yoxdur.
Buğdanın qiymətinə isə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar və ixrac göstəriciləri təsir edib. Cümə günü Trampın tərəflər arasında tezliklə razılaşma əldə oluna biləcəyi barədə fikirlərindən sonra buğda ucuzlaşıb.
2026/2027-ci təsərrüfat mövsümündə ABŞ buğdasının ixrac satışları 12,18 milyon ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% azdır. Digər tərəfdən, Hang Tung Resources şirkəti Çinli alıcılarla ümumi dəyəri 600 milyon dollar olan buğda və sorqo tədarükü üzrə sazişlər imzalayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, qlobal taxıl qiymətləri indeksi oktyabr ayında 4,5% azalıb.
Bazar iştirakçılarının diqqəti indi ABŞ Kənd Təsərrüfatı Nazirliyinin çərşənbə axşamı açıqlayacağı WASDE hesabatına yönəlib. Analitiklər hesabatda ABŞ-ın buğda ehtiyatları üzrə proqnozun 4 milyon buşel artırılaraq 744 milyon buşelə çatdırılacağını gözləyirlər.
MONETAR.AZ