ABŞ və İran arasında diplomatik razılaşma ümidlərinin artması fonunda global iqtisadiyyatın ən kritik su yollarından biri sayılan Hörmüz boğazının tam rejimdə fəaliyyətini bərpa etməsi ehtimalı yaranıb. Analitiklər bu strateji koridorun açılmasının neft qiymətləri, inflyasiya təzyiqi və birja indeksləri üçün ciddi dönüş nöqtəsi olacağını proqnozlaşdırırlar.
Konsensus rəyə görə, təsirlər genişmiqyaslı olacaq, lakin fərqli aktiv siniflərində özünü fərqli şəkildə büruzə verəcək.
Boğazın açılması bazara dərhal fiziki xammal axını demək olsa da, qiymətlərin eniş sürəti ilə bağlı fərqli yanaşmalar mövcuddur:
-
Yavaş bərpa ssenarisi (Capital Economics): Qurum xəbərdarlıq edir ki, blokada aradan qaldırılsat belə, neft qiymətləri böhrandan əvvəlki ucuz səviyyələrə dərhal qayıtmaya bilər. Bu səbəbdən bir sıra inkişaf etmiş qərb ölkələrində inflyasiyanın hələ bir müddət 3-4% diapazonunda yüksək qalması realdır.
-
Sürətli sabitləşmə ssenarisi (Barclays): Bankın analitiki Emmanuel Ko isə tarixi təcrübəyə əsaslanaraq bildirir ki, enerji şokları son onilliklərdə neft bazarında uzunmüddətli iz qoymayıb. Siyasi vəziyyət normallaşan kimi spekulyativ təzyiq itir və qiymətlər sürətlə aşağı düşür.
Capital Economics iqtisadçılarının fikrincə, maliyyə bazarları mərkəzi bankların bu enerji şokuna qarşı faiz dərəcələrini yenidən artıracağı (pul siyasətini sərtləşdirəcəyi) qorxusunu həddindən artıq şişirdirlər. Hazırkı qlobal makroiqtisadi mənzərə post-pandemiya dövründəki (2022-ci ildəki) kütləvi inflyasiya böhranından köklü şəkildə fərqlənir və tənzimləyicilər daha təmkinlidir.
Barclays analitiklərinə görə, rəsmi atəşkəs və boğazın açılması qlobal birjalarda böyük bir "rahatlıq rallisi" (relief rally) başladacaq:
-
Daha geniş artım dalğası: Enerji xərclərinin ucuzlaşması və faiz dərəcələrinin aşağı düşmə gözləntisi fond bazarındakı artım trendinin təkcə texnologiya nəhəngləri ilə məhdudlaşmayıb, digər ənənəvi sektorlara da yayılmasına (rotasiyaya) rəvac verəcək.
-
Avropa birjalarının dirçəlişi: Bu geosiyasi yumşalma xüsusilə regional gərginliyə qarşı daha həssas olan Avropa şirkətlərinin səhmlərinə güclü təkan verə bilər və onları son üç aydır ilişib qaldıqları dar ticarət diapazonundan (sideways trend) yuxarı doğru çıxarar.
MONETAR.AZ