iPhone 18 Pro modellərinə tələbat zəifləyir, Apple sifarişləri azaldır

iPhone 18 Pro modellərinə tələbat zəifləyir,

“Jefferies” investisiya bankının aparıcı analitiki Edison Linin bazar ertəsi təqdim etdiyi hesabata əsasən, “Apple” şirkətinin iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinə tələbat zəifləyir. Bu tendensiya pərakəndə satış göstəriciləri ilə yanaşı, Tayvanın yarımkeçirici istehsalçılarına və Asiyadakı komponent təchizatçılarına verilən sifarişlərdə də özünü göstərir.

Hesabata görə, Çində iPhone 18 Pro və Pro Max modellərinin çatdırılması üçün gözləmə müddəti sıfıra enib. Müqayisə üçün, ötən il iPhone 17 Pro və Pro Max modellərində bu göstərici müvafiq olaraq 6 və 25 gün təşkil edib. Yaponiyada da çatdırılma müddətləri illik müqayisədə əhəmiyyətli dərəcədə azalıb. ABŞ-da isə yalnız Pro Max modeli üzrə gözləmə müddətində cüzi artım müşahidə olunur.

Çinin təkrar satış bazarında da zəifləmə əlamətləri qeydə alınıb. Sentyabrın 29-dan etibarən iPhone 18 Pro seriyasının bütün modelləri ikinci əl bazarında rəsmi satış qiymətindən aşağı qiymətə təklif olunmağa başlayıb. Ötən ilin eyni dövründə isə bu modellərin əvvəlki nəsilləri rəsmi qiymətlə müqayisədə 1–6% bahala satılırdı.

Bundan əlavə, Çinin iri elektron ticarət platforması Pinduoduo (PDD) oktyabrın 16-dan etibarən iPhone 18 Pro modelinə 6%, Pro Max modelinə isə 9% birbaşa endirim tətbiq edib.

Jefferies analitiklərinin fikrincə, Çində yeni modellərin satışlarının ilk iki həftədə 40%-dən çox artması tələbatın güclü olmasından çox, pərakəndə satış şəbəkələrinin iPhone 17 Pro və Pro Max ehtiyatlarını böyük endirimlərlə satması ilə əlaqəli olub. Oktyabrın əvvəlində satış artımının 8%-ə qədər zəiflədiyi bildirilir.

Jefferies-in təchizat zənciri üzrə araşdırması “Apple”ın istehsal planlarında da dəyişikliklərə işarə edir. Hesabata əsasən, şirkət TSMC də daxil olmaqla yarımkeçirici istehsalçılarına və komponent təchizatçılarına verdiyi bəzi sifarişləri 10–15% azaldıb. İxtisarların əsasən 2 nanometrlik texnoloji proseslə istehsal olunan yeni çiplərə və digər komponentlərə aid olduğu bildirilir.

Analitiklərin qiymətləndirməsinə görə, yığım xətləri üzrə sifarişlərin xalis azalması təxminən 2 milyon ədəd təşkil edir. Tələbat zəif qalarsa, 2026-cı ilin dördüncü rübündə əlavə ixtisarlar da gündəmə gələ bilər.

Bununla yanaşı, qatlanan dizayna malik iPhone Duo modelinə marağın yüksək olduğu bildirilir. Oktyabrın 16-da öncədən sifarişə açılan model üçün gözləmə müddəti 90 günü ötüb. Jefferies 2026-cı ildə bu modeldən 6–7 milyon ədəd tədarük olunacağını və bunun bazar gözləntilərinə uyğun olduğunu proqnozlaşdırır.

Hesabatda iPhone 18 Pro seriyasına tələbatın zəifləməsi fonunda “Apple”ın təchizat zəncirində sifarişləri yenidən nəzərdən keçirdiyi vurğulanır. Yüksək qiymətli elektronika məhsullarına istehlakçı tələbinin dinamikası, Çin bazarındakı satışlar və yeni çiplərin istehsal həcmi şirkətin növbəti rüblərdəki nəticələri üçün əsas amillər olaraq qalır.

MONETAR.AZ