Kripto nəhəngi Avropa İttifaqını tərk etməyə hazırlaşır

Kripto nəhəngi Avropa İttifaqını

Qlobal kriptovalyuta bazarının ən böyük platforması olan Binance, Avropa İttifaqı (Aİ) regionunda fəaliyyətini tamamilə dayandırmaq mərhələsinə qədəm qoyub. Bloomberg agentliyinin birjanın baş hüquq direktoru Eleanor Hyuza istinadən yaydığı məlumata görə, buna səbəb blok daxilində lisenziya alınması üçün müəyyən edilən son tarixin (dedlayn) yaxınlaşması, lakin Yunanıstan maliyyə requlyatorunun birjaya hələ də rəsmi icazə verməməsidir.

Şirkət rəsmisi qeyd edib ki, Yunanıstan Qiymətli Kağızlar və Birja Komissiyasından (HCMC) hələlik rəsmi imtina məktubu daxil olmasa da, mənfi ssenariyə hazırlıq məqsədilə 16 iyun tarixindən etibarən Aİ-dəki istifadəçilərə bazardan mümkün çıxış barədə xəbərdarlıq bildirişlərinin göndərilməsinə başlanılıb.

Binance-in Avropadakı gələcəyini təhlükə altına salan əsas amil Aİ-nin kripto aktivlər üzrə yeni vahid qanunvericilik bazası olan MiCA (Markets in Crypto-Assets) rejiminin sərt tələbləridir. MiCA qaydalarına əsasən, hər hansı bir kripto platforması bütün Aİ miqyasında qanuni xidmət göstərə bilmək üçün blokun ən azı bir üzv ölkəsindən rəsmi lisenziya almalıdır. Binance hələ 2025-ci ildə Yunanıstanda qeydiyyatdan keçmək üçün müraciət etmişdi. MiCA çərçivəsində son lisenziyalaşma müddəti bu ilin iyul ayında başa çatır. İyula qədər icazə alınmasa, birja hüquqi olaraq Avropa bazarını tərk etməlidir.

Binance-in Avropadan mümkün gedişi kripto sənayesində requlyativ təzyiqlərin pik həddə çatdığını göstərir. Şirkətin baş hüquq direktoru Eleanor Hyuz hər nə qədər "Məqsədimiz istifadəçilərin zərər görməsini minimuma endirmək və onlara qarşı ədalətli davranışı təmin etməkdir" desə də, Avropa bazarının itirilməsi Binance-in qlobal gəlirlərinə ciddi zərbə vura bilər. Ekspertlərin fikrincə, ABŞ requlyatorları (SEC) ilə yaşanan çoxmilyardlıq məhkəmə çəkişmələrindən sonra Aİ-nin də qapıları bağlaması, birjanın diqqətini tamamilə Asiya, Yaxın Şərq və Latın Amerikası bazarlarına yönəltməsinə səbəb olacaq.

MONETAR.AZ