Dünya bazarlarında neft qiymətləri ABŞ və İran arasında mümkün razılaşma gözləntiləri fonunda sürətlə aşağı düşüb.
Məlumata görə, çərşənbə axşamı neftin qiyməti 6 faizdən çox ucuzlaşaraq bir barel üçün 75,5 dollara enib. Bu, mart ayının əvvəlindən bəri ən aşağı göstəricidir.
Qiymətlərin enməsinə əsas səbəb Yaxın Şərqdə gərginliyin azalacağı və region ölkələrindən neft ixracının bərpa olunacağı ilə bağlı gözləntilərdir.
Bildirilir ki, ABŞ və İran arasında anlaşma memorandumu ilə bağlı danışıqlar davam edir və sənədin yaxın günlərdə imzalana biləcəyi gözlənilir. Razılaşmanın əldə olunacağı təqdirdə Hörmüz boğazından neft tankerlərinin keçidinin bərpa olunacağı qeyd edilir.
Ekspertlər hesab edirlər ki, regiondan əlavə neft tədarükünün artması dünya bazarında təklifi yüksəldəcək. OPEC+ ölkələrinin hasilat artımı və bəzi istehsalçıların ixrac imkanlarının genişlənməsi də qiymətlərə təsir göstərir.
Neft bazarındakı dəyişikliklər qlobal enerji bazarında tarazlığın bərpası gözləntiləri ilə əlaqələndirilir.
MONETAR.AZ