Neft bazarında "Hörmüz" dönüşü: proqnozlar endirildi

Neft bazarında "Hörmüz" dönüşü:

Yaxın Şərqdəki gərginlikdən sonra ilk dəfə olaraq qlobal neft analitikləri bədbin ssenarilərdən imtina edərək 2026-cı il üçün qiymət proqnozlarını kəskin şəkildə aşağı salıblar.

Qlobal neft tədarükünün əsas arteriyası hesab olunan Hörmüz boğazının yenidən tam fəaliyyətə başlaması tədarük böhranı qorxularını tamamilə zəiflədib. "Reuters" agentliyinin çərşənbə axşamı dərc etdiyi və 31 nüfuzlu iqtisadçı ilə analitikin iştirak etdiyi aylıq konsensus sorğusu bazarda şərtlərin kəskin dəyişdiyini sübut edir.

Fevralın sonunda İran ətrafında alovlanan münaqişə fonunda Brent markalı neftin qiyməti 126 dolları, ABŞ-ın WTI markası isə 120 dolları test etmişdi. Geosiyasi risk mükafatının azalması proqnozları belə dəyişdi:

  • Brent markalı neft (2026-cı il orta gözləntisi): May ayındakı 90,44 dollardan 84,50 dollara endirilib. Analitiklər qiymətin III rübdə 84 dollar, ilin sonunda 79 dollar, 2027-ci ilin ortalarında isə 75 dollara qədər geriləyəcəyini proqnozlaşdırırlar.

  • WTI markalı neft (2026-cı il orta gözləntisi): Əvvəlki 84,63 dollarlıq proqnoz silinərək 79,49 dollara adaptasiya edilib.

Tobias Keller ("UniCredit" bankının analitiki): "Geosiyasi risk mükafatının əsas hissəsi artıq qiymətlərdən çıxıb. Yaxın Şərqdən fiziki neft tədarükünün bərpası və qlobal tələbin zəifləməsi qiymətlərin yuxarı hərəkətini ciddi şəkildə məhdudlaşdıracaq".

Frank Schallenberger ("LBBW" əmtəə araşdırmaları rəhbəri): "Hörmüz boğazında hərəkət tam normallaşarsa, bazarda yenidən təklif artıqlığı (profisit) yaranacaq və qiymətlər 2026-cı ilin ikinci yarısında eniş trendini davam etdirəcək".

"HSBC" bankının Avropa üzrə neft-qaz araşdırmaları rəhbəri Kim Fustier isə qeyd edir ki, Fars körfəzində hasilat tam bərpa olunarsa, 2026-cı ilin IV rübündə qlobal bazarda gündəlik 1 milyon barel profisit qeydə alına bilər.

Beynəlxalq Enerji Agentliyi (BEA) 2027-ci il üçün dərc etdiyi ilk hesabatında neft istehsalçılarını ciddi şəkildə xəbərdar edib. Agentliyin hesablamalarına görə, 2027-ci ildə qlobal neft təklifi gündəlik 8 milyon barel artacaq, qarşı tərəfdə isə qlobal tələb cəmi 2 milyon barel yüksələcək. Bu nəhəng disbalans qiymətlərin daha da ucuzlaşmasına zəmin yaradır.

Analitiklər 2026-cı ildə qlobal tələb artımının cəmi 1–2 milyon barel arasında sıxışacağını gözləyirlər. Bu zəifləmənin əsas lokomativi dünyanın ən böyük neft idxalçısı olan Çində istehlakın və sənaye aktivliyinin yavaşlamasıdır. OPEC də bu reallığı qəbul edərək, yaz aylarındakı 1,4 milyon barellik tələb artımı proqnozunu iyunda rəsmən 1 milyon bareldən aşağı endirib.

Buna baxmayaraq, Goldman Sachs strateqləri qeyd edirlər ki, ucuzlaşan neft qiymətləri dövlətlərin qlobal strateji neft ehtiyatlarını (SPR) doldurmaq istəyini tetikləyə bilər və bu, 2027-ci ildə gündəlik 1 milyon bareldən çox süni "əlavə tələb" yaradaraq qiymətlərin kəskin çökməsinin qarşısını ala bilər.

MONETAR.AZ