Qlobal süni intellekt (AI) inqilabı fonunda yüksək məhsuldarlıqlı yaddaş (HBM) çiplərinə olan kəskin tələbat, yarımkeçirici bazarında görünməmiş qiymət artımına səbəb olub.
"The Wall Street Journal"ın (WSJ) son hesabatına görə, bu tendensiya texnologiya nəhəngləri və bulud xidməti provayderləri üçün xərcləri kəskin artırsa da, yaddaş çipləri istehsalçıları üçün əsl "qızıl dövr" yaradıb.
Çip bazarında yaranan defisit qiymətlərə birbaşa təsir göstərib. Sektorun aparıcı oyunçularından olan Micron Technology-nin açıqladığı son rüblük (28 mayda başa çatan) hesabat rəqəmləri vəziyyətin miqyasını açıq göstərir:
-
DRAM yaddaş çiplərinin qiyməti: Əvvəlki rüblə müqayisədə 60%-dən çox artıb.
-
NAND fləş yaddaş çiplərinin qiyməti: 80%-dən çox bahalaşıb.
Şirkətdən verilən məlumata görə, tədarük həcmlərində yalnız cüzi artım qeydə alınıb. Bu isə o deməkdir ki, gəlirlərdəki rekord sıçrayışın əsas hərəkətverici qüvvəsi məhz məhsulun kəskin bahalaşmasıdır.
Süni intellekt serverləri və nəhəng məlumat emalı mərkəzləri (Data Center) üçün həyati əhəmiyyət daşıyan HBM çipləri üzrə qlobal bazar hazırda üç əsas istehsalçının inhisarındadır:
-
Micron
-
Samsung Electronics
-
SK Hynix
Bəs qıtlıq niyə yaranıb? WSJ qeyd edir ki, bu çiplərin istehsalı mürəkkəb texnologiya və milyardlarla dollar investisiya tələb edir. Yeni istehsal güclərinin (zavodların) qurulması illər çəkdiyi üçün artan tələbat təklifi üstələyib və qısamüddətli perspektivdə bu qıtlığın aradan qalxacağı gözlənilmir.
Yaddaş komponentlərinin bahalaşması bütün texnologiya sektorunda zəncirvari reaksiya yaradıbş Məsələn, Apple bu həftə yaddaş çiplərinin qiymətinin artmasını əsas gətirərək bəzi MacBook və iPad modellərinin satış qiymətini qaldırıb.
Buna baxmayaraq, əksər AI şirkətləri bazar payını itirməmək və istifadəçi bazasını genişləndirmək üçün hələlik artan xərcləri öz üzərlərinə götürürlər.
Komponentlərin baha olmasına baxmayaraq, Microsoft, Amazon, Alphabet və Meta Platforms kimi nəhənglər rəqabətdə geri qalmamaq üçün AI infrastrukturuna milyardlar xərcləməyə davam edirlər.
Mövcud iqtisadi mənzərə investorların diqqətini dəyişib. Bu il Micron, SK Hynix və Samsung şirkətlərinin səhmləri gəlirlilik baxımından bir çox ənənəvi texnologiya nəhənglərini geridə qoyub.
Mütəxəssislər hesab edirlər ki, yeni zavodlar tam gücü ilə fəaliyyətə başlayana qədər yaddaş çipləri istehsalçıları süni intellekt ekosistemindəki həlledici rollarından və bu əlverişli qiymət mühitindən maksimum faydalanmağa davam edəcəklər.
MONETAR.AZ