Neft qiymətləri 7 faizdən çox bahalaşıb

Neft qiymətləri 7 faizdən çox

WTI markalı xam neftin fyuçers qiymətləri bazar ertəsi 7 faizdən çox artaraq bir barel üçün 94 ABŞ dollarını keçib.

Bahalaşmaya Yaxın Şərqdə gərginliyin artması və İranla ABŞ arasında diplomatik kanalların dayandırılması ilə bağlı xəbərlər təsir edib.

Məlumata görə, İranın yarı-rəsmi “Tasnim” agentliyi Tehranın İsrailin Livandakı hərbi əməliyyatlarının genişlənməsinə cavab olaraq ABŞ ilə mesaj mübadiləsini vasitəçilər üzərindən dayandıracağını bildirib. İran tərəfi Vaşinqtonu “qarışıq siqnallar göndərməkdə” və danışıqları uzatmaqda ittiham edib.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai ABŞ ilə əlaqələrin davam etdiyini, lakin prosesin “etimadsızlıq şəraitində” aparıldığını deyib.

Hadisələr fonunda Fars körfəzində və Hörmüz boğazı ətrafında gərginliyin artması enerji bazarlarında narahatlıq yaradıb.

ABŞ Prezidenti Donald Tramp isə İranla aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.

Analitiklərin fikrincə, Yaxın Şərqdə eskalasiya ehtimalı neft bazarında qiymət volatilliyini artırmaqda davam edə bilər.

MONETAR.AZ