London Metal Birjasında (LME) nikelin spot qiyməti bu gün keçirilən ticarət sessiyasında 1,89% artaraq ton üçün 16 040,25 dollara yüksəlib. Həftəlik müqayisədə metalın qiyməti 2,30% bahalaşıb.
Beləliklə, nikel bazarında artım ardıcıl dördüncü gündür davam edir. Ötən həftə son doqquz ayın minimum səviyyəsinə enən metalın qiyməti sonradan bərpa olunmağa başlayıb.
Qiymət artımına təsir edən əsas amillərdən biri İndoneziyada hasilatın azaldılması ehtimalıdır. Bir neçə iri Çin nikel istehsalçısının rəhbərliyinin bu həftə bir araya gələrək ölkədəki birgə müəssisələrdə və emal zavodlarında istehsalın ixtisarı imkanlarını müzakirə edəcəyi gözlənilir.
Avqust ayında oxşar razılaşma əldə etmək cəhdi nəticəsiz qalmışdı. Lakin qiymətlərin son doqquz ayın minimumuna düşməsi istehsalçıların mənfəət marjasını qorumaq məqsədilə yenidən hasilatın azaldılmasını gündəmə gətirməsinə səbəb olub.
Shuohe Asset Management şirkətinin aparıcı analitiki Qao İn bildirib ki, bazar iştirakçıları Çin istehsalçılarının hasilatın azaldılması ilə bağlı açıqlayacağı qərarları diqqətlə izləyirlər. Onları, xüsusilə, ixtisarların real miqyası və həyata keçirilmə mexanizmi maraqlandırır.
Nikel paslanmayan polad istehsalında və elektrik avtomobillərinin batareyaları üçün istifadə olunan əsas metallardan biridir. Buna görə də İndoneziyada hasilatın mümkün azaldılması ilə bağlı qərarlar qlobal təklifə və metalın qiymət dinamikasına təsir göstərə bilər.
Bununla belə, qiymət artımının davamlılığı hasilatın faktiki olaraq nə qədər azaldılacağından, eləcə də sənaye tələbatının vəziyyətindən asılı olacaq.
MONETAR.AZ