Qızılın dünya bazarında qiyməti iyunun ilk ticarət sessiyasında ucuzlaşaraq bir unsiya üçün 4 470 ABŞ dolları səviyyəsinə düşüb.
Bu göstərici martın sonlarından bəri qeydə alınan ən aşağı səviyyəyə yaxınlaşma kimi qiymətləndirilir.
Qiymətlərin azalmasına əsasən enerji bazarlarında müşahidə olunan kəskin artım və artan inflyasiya gözləntiləri təsir göstərib. Xüsusilə neft qiymətlərinin yüksəlməsi fonunda mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlayacağı ilə bağlı proqnozlar güclənib.
Bazar iştirakçıları İran–ABŞ gərginliyi və Yaxın Şərqdə artan hərbi eskalasiya səbəbindən inflyasiya risklərinin yüksəldiyini bildirirlər. Eyni zamanda, Hörmüz boğazının açılması və atəşkəsin uzadılması ilə bağlı müzakirələrin davam etməsinə baxmayaraq, nəticə hələlik qeyri-müəyyən olaraq qalır.
Maliyyə bazarlarında iştirakçılar bu həftə açıqlanacaq ABŞ məşğulluq göstəricilərini və Federal Ehtiyat Sistemi rəsmilərinin çıxışlarını diqqətlə izləyirlər.
Qeyd edək ki, Federal Ehtiyat Sisteminin keçmiş sədri Jerome Powell son açıqlamasında mərkəzi bankın siyasi təsirlərdən uzaq qalmasının vacibliyini vurğulayıb.
Analitiklərin fikrincə, qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik qızılın qiymət dinamikasına yaxın dövrdə də təsir göstərə bilər.
MONETAR.AZ