Trampın İran bəyanatları fonunda Brent nefti 100 dollar həddini aşağı yardı

Trampın İran bəyanatları fonunda Brent nefti 100 dollar həddini

Bu gün Asiya ticarət sessiyasının açılışında qlobal neft bazarlarında kəskin qiymət enişi (satış dalğası) qeydə alınıb. ABŞ və İran arasında davam edən hərbi gərginliyin diplomatik yolla həll oluna biləcəyinə dair həftəsonu yaranan ümidlər, həftələrdir davam edən geosiyasi risk mükafatını sıfırlayaraq qiymətləri son üç həftənin minimumuna endirib.

Açılışda qeydə alınan eniş neft fyuçerslərini mühüm psixoloji baryerlərdən aşağı salıb. İyul tədarüklü Brent neftinin bir bareli 5%-dən çox ucuzlaşaraq $98.12 səviyyəsinə düşüb və yenidən $100-lıq kritik həddin altına enib. ABŞ yüngül neftinin fyuçersləri isə 5.2% itki ilə $91.31 dollaradək geriləyib.

Qiymətlərin kəskin ucuzlaşmasının əsas hərəkətverici qüvvəsi ABŞ prezidenti Donald Trampın həftəsonu verdiyi bəyanat olub. Tramp, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyiş olduğunu və sülh memorandumunun "əsasən razılaşdırıldığını" elan edib. Bu sazişin əldə olunmasında əsas hədəf qlobal neft nəqlinin şah damarı hesab edilən Hörmüz boğazının tamamilə yenidən açılmasıdır.

Neft qiymətləri ötən həftə başlayan eniş tendensiyasını qoruyur. Lakin Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti tam bərpa olunmayana və tərəflər rəsmi sülh sənədinə imza atmayana qədər bazarda qlobal təklif qıtlığı narahatlığı tam aradan qalxmayacaq.

MONETAR.AZ