Azərbaycanda turizm sektorunda xidmət keyfiyyətinin artırılması istiqamətində növbəti addım atılıb. Dövlət Turizm Agentliyinin apardığı monitorinqlər nəticəsində standartlara cavab verməyən 4 hotelin ulduz kateqoriyası ləğv edilib.
Ulduzlu hotellərin sayı azalıb
Qərardan sonra ölkə üzrə ulduzlu hotellərin ümumi sayı 279-dan 275-ə düşüb. Ləğv edilən kateqoriyalar əsasən aşağı seqmentli — 1 və 2 ulduzlu hotelləri əhatə edib.
Hazırda ölkə üzrə ulduzlu hotellərin bölgüsü belədir:
-
5 ulduz - 23 hotel
-
4 ulduz - 43 hotel
-
3 ulduz - 97 hotel
-
2 ulduz - 81 hotel
-
1 ulduz — 31 hotel
-
Cəmi -275 hotel
Bakı üstünlüyünü qoruyurStatistika göstərir ki, hotel sektoru hələ də əsasən paytaxtda cəmləşib. Ulduzlu hotellərin 73 faizi - yəni 201-i Bakının payına düşür.
Bu göstərici bölgələrdə beynəlxalq standartlara cavab verən hotel infrastrukturunun inkişafına ehtiyac olduğunu bir daha gündəmə gətirir. Ulduz kateqoriyasının ləğvi hotellərin fəaliyyətinin dayandırılması demək deyil. Bu, sadəcə həmin obyektlərin iddia etdikləri xidmət səviyyəsinin mövcud standartlara uyğun gəlmədiyini göstərir.
İstehlakçılar üçün bu addım daha şəffaf seçim imkanı yaradır və xidmət keyfiyyətinə dair gözləntiləri aydınlaşdırır. Sahibkarlar üçün isə bu, keyfiyyətin davamlı şəkildə qorunmasının vacibliyinə dair siqnaldır
Turizm bazarında növbəti mərhələdə bu tədbirlərin qiymətlərə necə təsir edəcəyi əsas müzakirə mövzularından biri olaraq qalır.
MONETAR.AZ