Azərbaycanda tikintiyə icazə verilməsi qaydaları sadələşdirilir

Azərbaycanda müxtəlif təyinatlı obyektlərin tikintisinə və onların istismarına icazələrin verilməsində əhəmiyyətli sadələşmə gözlənilir. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Biznesin yerləşdiyi yer" indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində əksini tapan tədbirlərdən irəli gəlir.
Yol Xəritəsinin "Tikinti sahəsində qaydaların və ətraf mühitlə bağlı icazələrə dair tənzimləyici norma və qanunvericiliyin təkmilləşdirilməsi" bölməsində bir sıra vacib dəyişikliklər nəzərdə tutulub. Əsas məqsəd tikinti prosesini asanlaşdırmaq və biznes mühitini daha da yaxşılaşdırmaqdır.
Nəzərdə tutulan tədbirlərə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısının genişləndirilməsi istiqamətində araşdırmalar aparılacaq. Bunun nəticəsində bəzi tikinti obyektləri üçün layihə ekspertizası tələbi aradan qalxa bilər.
Bundan başqa, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na da yenidən baxılacaq. Bu Qaydalara ediləcək dəyişikliklər nəticəsində layihələrin ekspertiza xərclərinin hesablanma qaydası ilə bağlı yeni təkliflər hazırlanacaq.
Qeyd olunur ki, bu tədbirlərin qısa müddət ərzində, yəni oktyabrın 1-dək və dekabrın 20-dək həyata keçirilməsi planlaşdırılır.
MONETAR.AZ