“AzerGold” Özbəkistanda ilk törəmə şirkətini yaradıb

“AzerGold” Özbəkistanda ilk törəmə

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti olan “AzerGold Uzbekistan” MMC Özbəkistanda dövlət qeydiyyatına alınıb. Yeni şirkətin əsas fəaliyyəti Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının araşdırılması olacaq.

QSC-dən bildirilib ki, hazırda yataqda geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması istiqamətində prosedurlar davam edir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan kəşfiyyat işlərinə başlanılacaq.

Bu müddət ərzində mövcud geoloji məlumatlar təhlil ediləcək, əlavə kəşfiyyat işləri aparılacaq və mineral ehtiyatlar beynəlxalq JORC standartlarına uyğun qiymətləndiriləcək. Həmçinin metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, mümkün hasilat və emal texnologiyalarının araşdırılması planlaşdırılır.

Yatağın sənaye miqyasında işlənməsinin texniki və iqtisadi baxımdan məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələr əsasında yatağın gələcək istismarına dair investisiya təklifi Özbəkistanın müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Xatırladaq ki, cari ilin 17 iyun tarixində “AzerGold” QSC ilə Özbəkistanın Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında “Akba” qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.

“AzerGold”un Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə 17 iyul 2026-cı il tarixində “AzerGold” QSC, “Uzbekgeologorazvedka” Səhmdar Cəmiyyəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.

Layihə çərçivəsində Özbəkistanın Nəvai və Nurata şəhərləri arasında yerləşən perspektivli ərazilərdə geoloji kəşfiyyat işləri aparmaq üçün birgə müəssisənin yaradılması nəzərdə tutulur. Hazırda müəssisənin təsis sənədlərinin razılaşdırılması və zəruri dövlət icazələrinin alınması istiqamətində işlər davam etdirilir.

Birgə müəssisə yaradıldıqdan sonra geoloji tədqiqatların və kəşfiyyat işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Layihə üzrə ilkin ikiillik dövrü əhatə edən geoloji kəşfiyyat və maliyyələşmə planı artıq hazırlanıb.

Tədqiqatlar nəticəsində iqtisadi baxımdan istismara yararlı mineral ehtiyatlar müəyyən edilərsə, tərəflər həmin yataqların birgə işlənməsi və müvafiq investisiya layihələrinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Bununla yanaşı, Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

“AzerGold”un Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sənayesində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından əhəmiyyətli addımdır. Yeni təşəbbüslərin iki ölkə arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də şirkətin beynəlxalq fəaliyyətinin inkişafına töhfə verməsi gözlənilir.