Bu gün xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək. Hərraca mənzil, torpaq sahəsi, qayıq və mobil telefon çıxarılıb.
Monetar.az xəbər verir ki, hərracın siyahısına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, akademik Ziya Bünyadov prospektində yerləşən 61,11 kvadratmetrlik mənzilin ilkin qiyməti 175 min manatdır. Mənzil 50% endirimlə, beş dəfədən çox təkrar hərraca çıxarılır.
Pirallahı rayonunun Dübəndi bağ sahəsində yerləşən 0,12 hektar torpaq sahəsi 96 min manata təklif olunur. Həmin rayonda bir ədəd “Yamaha-25” mühərrikli qayıq da 4 min manat ilkin qiymətlə hərraca çıxarılacaq.
Yevlax rayonunda isə “Hope” markalı, “V8” modelli mobil telefonun ilkin satış qiyməti 7 manat müəyyən edilib.
Hərrac oktyabrın 21-də saat 10:00-da keçiriləcək. İştirak etmək istəyən şəxslər ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməli və tələb olunan sənədləri təqdim etməlidirlər. Sifarişlər Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında qəbul olunur. Əlavə məlumatı 195-1 nömrəsi vasitəsilə əldə etmək mümkündür.