Demək olar ki, onillik fasilədən sonra Çin şirkətləri xarici aktivləri yenidən kütləvi şəkildə satın almağa başlayıb. Bloomberg-in məlumatına görə, yalnız 2026-cı ilin yanvar ayında Çin mənbəli birləşmə və satınalma əməliyyatlarının həcmi təxminən 12 milyard ABŞ dollarına çatıb ki, bu da 2017-ci ildən bəri ilin başlanğıcı üçün rekord göstəricidir.
Ən diqqətçəkən əməliyyatlar arasında Anta Sports-un Alman brendi Puma-da pay alması (1,8 milyard dollar) və Çin nəhəngi Zijin Gold tərəfindən Kanadada yerləşən Allied Gold-un alınması (təxminən 4 milyard dollar) yer alır.
Ekspertlər bildirirlər ki, Pekin tərəfindən uzun müddət tətbiq olunan məhdudiyyətlərdən sonra “qapılar açılıb.” Artıq Çin hakimiyyəti strateji aktivlərin alınmasına “yaşıl işıq” verib. Əsas amillər isə daxili bazarda sərt rəqabət və iqtisadi artımın yavaşlamasıdır.
Puma əməliyyatından əlavə, HSG investisiya qrupu premium idman ayaqqabı istehsalçısı Golden Goose və audio brendi Marshallı alıb. Çin kafelər şəbəkəsi Luckin Coffee, vətəndə Starbucks-i qabaqladıqdan sonra, beynəlxalq bazara çıxış üçün Blue Bottle Coffee-ni Nestle-dən almağı planlaşdırır.
Bundan əlavə, Çin Latın Amerikası və Afrikada aktivləri fəal şəkildə alır. Aluminum Corp. of China Braziliyada Cia. Brasileira de Alumínio üzərində nəzarəti ələ keçirir, CMOC Group və Jiangxi Copper isə qızıl və mis hasilatı üzrə milyardlıq əməliyyatları bağlayır.
Eyni zamanda, elektromobil istehsalçıları (BYD) və batareya istehsalçıları (CATL) xarici zavodlara investisiyalarını davam etdirirlər.
BNP Paribas-dan Richard Griffiths-in sözlərinə görə, Avropa Çin investorları üçün xüsusi maraq doğurur və 2026-cı ildə daha bir sıra böyük əməliyyatların baş tutacağı gözlənilir.