Samsung HBM4 adlı qabaqcıl yaddaş çiplərinin tədarükünə başlayıb

Samsung HBM4 adlı qabaqcıl yaddaş çiplərinin

Samsung Electronics yüksək performanslı yaddaş məhsullarının ən qabaqcıl növü olan HBM4 çiplərinin tədarükünə başlayıb və bu cür çiplərin kütləvi istehsalı və çatdırılmasını həyata keçirən dünyada ilk şirkət olub.

Cənubi Koreyanın texnologiya nəhəngi bugün bildirib ki, son rüblərdə rəqiblərindən geri qalmasından sonra HBM4 bazarında dominant mövqe tutmağı hədəfləyir.

Samsung HBM4 məhsullarını hansı müştərilərin aldığı barədə məlumat açıqlamayıb. Bu çiplər süni intellekt üçün nəzərdə tutulan prosessorların ən vacib komponentlərindən biridir.

Dünyanın ən böyük yaddaş çipi istehsalçısı olan Samsung Electronics əsasən SK Hynix və Micron Technology ilə rəqabət aparır və Nvidia üçün əsas HBM4 təchizatçısına çevrilməyə çalışır.

SK Hynix isə öz HBM4 məhsullarının hazırlanmasını başa çatdırdığını və bu qabaqcıl çiplərin tədarükünə hazırlaşdığını açıqlayıb. Şirkət yüksək performanslı yaddaşın əvvəlki nəsilləri bazarında üstün mövqeyə malik olub.

Bu hadisə süni intellekt üçün çiplərin qlobal bazarının sürətlə böyüdüyü bir vaxta təsadüf edir və HBM təchizatçılarını istehsalı və innovasiyaları sürətləndirməyə məcbur edir.

Samsung gözləyir ki, HBM biznesindən əldə olunan gəlir 2026-cı ilə qədər üç dəfədən çox artsın və şirkət HBM4 istehsal güclərini aktiv şəkildə genişləndirir. Bundan əlavə, şirkət ilin ikinci yarısında HBM4E adlanan yenilənmiş HBM4 nümunə məhsulunu təqdim etməyi planlaşdırır.

MONETAR.AZ