Çindən mal gətirənlərə xəbərdarlıq: 3 məqamı yoxlayın!

Çindən mal gətirənlərə xəbərdarlıq:

Çindən məhsul idxal edən sahibkarlar ödəniş etməzdən əvvəl tədarükçünün rəsmi qeydiyyatını, şirkət məlumatlarını və pulun köçürüləcəyi tərəfi yoxlamalıdırlar. Bu addımlar mümkün dələduzluq riskini azaltmağa kömək edir.

Monetar.az xəbər verir ki, Beynəlxalq Ticarət Şəbəkəsi Assosiasiyasının (UTRADER) paylaşımında Çin şirkətləri ilə əməkdaşlıq zamanı diqqət yetirilməli məqamlar açıqlanıb.

Məlumata görə, ticarət prosesində şirkətin kommersiya adı, müqavilədə göstərilən satıcının adı, hesab-fakturanı təqdim edən şirkət və ödənişi qəbul edən tərəfin adı fərqli ola bilər. Bu, hər zaman fırıldaqçılıq əlaməti olmasa da, tərəflər arasındakı əlaqə rəsmi sənədlərlə təsdiqlənməlidir.

Bunun üçün sahibkarlar tədarükçüdən şirkətin Çin dilində rəsmi hüquqi adını, kommersiya lisenziyasını və ya 18 rəqəmli Vahid Sosial Kredit Kodunu tələb etməlidirlər.

Digər vacib addım şirkətin dövlət qeydiyyatında olub-olmadığını yoxlamaqdır. Bunun üçün Çinin rəsmi Milli Müəssisə Kredit Məlumatlarının Açıqlanması Sistemi (GSXT) vasitəsilə şirkət haqqında məlumatları araşdırmaq və onları təqdim olunan sənədlərlə tutuşdurmaq tövsiyə edilir.

Qeyd edək ki, tədarükçünün qeydiyyatda olması öz-özlüyündə onun etibarlı olduğunu təsdiqləmir. Buna görə də ödənişdən əvvəl müqavilə, hesab-faktura və bank hesabı məlumatlarının uyğunluğu da yoxlanılmalıdır.