Çində kapital axınına nəzarətin sərtləşdirilməsi və vergi daxilolmalarının artırılması istiqamətində atılan addımlar varlı sahibkarları xaricdəki aktivlərini yenidən nəzərdən keçirməyə vadar edir. “Reuters” agentliyinin ailə ofisləri və vergi məsləhətçilərinə istinadən yaydığı məlumata görə, bəzi varlı çinlilər ofşor trast strukturlarını ləğv edir, səhmlərini satır və rezidentlik statuslarını dəyişməyə çalışırlar.
Buna səbəb Çin Dövlət Vergi İdarəsi və Maliyyə Nazirliyinin xaricdəki trastlardan əldə olunan gəlirlərin bəyan edilməsi üçün oktyabrın 22-dək müddət müəyyən etməsidir. Yeni qaydalara əsasən, Çin rezidentlərinin ofşor trastlardan əldə etdikləri gəlirlər 20% dərəcəsi ilə vergiyə cəlb olunur.
JLT Legacy Group şirkətinin icraçı direktoru Oskar Lyunun sözlərinə görə, yeni tədbirlərdən xüsusilə Honq Konq və ABŞ birjalarında siyahıya alınmış Çin şirkətlərinin təsisçiləri təsirlənə bilər. Onların bir qismi 2014–2020-ci illərdə səhmlərin yüksək qiymətlərlə ticarət olunduğu dövrdə aktivlərini ofşor trastlar vasitəsilə satıb.
Fərdi hallarda hesablanan vergi öhdəliklərinin bir neçə milyon yuandan yüz milyonlarla, hətta milyardlarla yuana qədər yüksələ biləcəyi bildirilir. Vergi orqanlarının potensial ödəyiciləri müəyyənləşdirmək üçün Hurun sərvət reytinqlərindən, birja hesabatlarından və digər açıq məlumatlardan istifadə etdiyi qeyd olunur. Varlı sahibkarların sıx yaşadığı bəzi əyalətlərdə xüsusi vergi yığım qrupları da yaradılıb.
Boston Consulting Group-un qiymətləndirməsinə görə, Çinin xaricdə yerləşən fərdi sərvətinin həcmi təxminən 1,7 trilyon dollardır. Vergi öhdəliklərinin qısa müddətdə nağd vəsaitlə ödənilməsi tələbi isə bəzi varlı şəxslər üçün likvidlik problemləri yarada bilər.
Xüsusilə daşınmaz əmlak sektorundakı çətinliklər tikinti şirkətlərinin və onların sahiblərinin maliyyə vəziyyətini ağırlaşdırır. Eyni zamanda, əvvəlki illərə aid vergi öhdəliklərinin səhmlərin sonradan ucuzlaşması nəticəsində yaranan itkilərlə əvəzləşdirilməsinin mümkün olmaması bəzi investorların yükünü artırır.
Məlumata görə, bir sıra texnologiya milyarderlərinin ailə ofisləri vergi borclarını ödəmək üçün investisiya portfellərinin 50%-dək hissəsini satışa çıxarıb. Beynəlxalq özəl banklar da bəzi müştərilərinə vergi ödənişləri üçün şirkət səhmlərini girov götürməklə kredit xətləri təklif edirlər.
Bəzi Honq Konq sakinlərinin isə ailə aktivlərini Çinin materik hissəsindəki hüquqi və vergi çərçivəsindən kənarda saxlamaq məqsədilə rezidentlik statuslarını dəyişməyə çalışdıqları bildirilir.
Oskar Lyunun sözlərinə görə, bir sıra varlı çinli investorlar vergi öhdəliklərinin dəqiqləşdirilməsini gözləyərək yeni layihələrə və birja aktivlərinə investisiyaları dayandırıblar. Bu vəziyyət vergi siyasətindəki dəyişikliklərin investorların qərarlarına və kapitalın hərəkətinə təsirini ön plana çıxarır.
MONETAR.AZ