“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan 17 nəqliyyat və xüsusi texnika vasitəsi bu gün təkrar hərraca çıxarılacaq.
Monetar.az xəbər verir ki, hərracların biri saat 10:00-da, digəri isə saat 11:00-da keçiriləcək.
Saat 10:00-da keçiriləcək hərracda 13 nəqliyyat vasitəsi 10 % endirimlə ikinci dəfə satışa çıxarılacaq. Onların start qiymətləri 6 300-10 800 manat arasında dəyişir. Ən yüksək start qiyməti 10 800 manat olan 2011-ci il istehsalı Chevrolet Cruze avtomobilinə aiddir.
Bu hərracda ən aşağı qiymətə isə 2011-ci il istehsalı Chevrolet Cruze – 6 300 manat təklif olunur. Hərracda iştirak üçün 10% beh ödənilməlidir.
Saat 11:00-da keçiriləcək ikinci hərracda isə 4 nəqliyyat və xüsusi texnika vasitəsi 50% endirimlə dördüncü dəfə satışa çıxarılacaq. Start qiymətləri 3 500-7 500 manat arasında dəyişir.
Bu siyahıda ən ucuz nəqliyyat vasitəsi 2006-cı il istehsalı DT-75D texnikasıdır. Onun start qiyməti 3 500 manatdır. 2009-cu il istehsalı İsuzu D-max isə 3 572,5 manat start qiyməti ilə təklif edilir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında, 2-ci mərtəbədə keçiriləcək. Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20.