Ev tikirlər, alıcı tapılmır: ABŞ-da tikinti sektorunda inam çökür

Ev tikirlər, alıcı tapılmır: ABŞ-da

ABŞ-da mənzil tikintisi sektorunda vəziyyət pisləşir. Oktyabr ayında ev tikintisi şirkətlərinin bazara inam indeksi 29 bəndə enərək 2012-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə düşüb.

Monetar.az xəbər verir ki, Milli Ev İnşaatçıları Assosiasiyası (NAHB) və “Wells Fargo” tərəfindən hesablanan indeks əvvəlki ayla müqayisədə 3 bənd azalıb. İqtisadçıların gözləntisi isə 31 bənd idi. Göstərici artıq iki ildən çoxdur ki, tikinti sektorunda müsbət və mənfi gözləntilər arasındakı sərhəd sayılan 50 bənddən aşağıdır.

Mövcud ev satışlarını qiymətləndirən indeks də 33 bəndə düşərək son 14 ilin minimumunu yeniləyib. Növbəti altı ay üçün satış gözləntiləri 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə enib. Potensial alıcıların aktivliyini göstərən indeks isə pandemiyanın başlanğıcından bəri ən aşağı həddə düşüb.

Sektorun zəifləməsinə ipoteka faizlərinin 7%-dən yüksək olması, işçi qüvvəsi çatışmazlığı və tikinti materiallarının bahalaşması təsir göstərir. Kredit xərclərinin artması alıcıların imkanlarını məhdudlaşdırır, satılmamış yeni mənzillərin çoxluğu isə tikinti şirkətlərinin vəziyyətini çətinləşdirir.

Alıcı cəlb etmək üçün şirkətlər endirimlərə və əlavə güzəştlərə əl atırlar. Bu isə onların mənfəət marjasını azaldır.

NAHB-nin baş iqtisadçısı Robert Dits bildirib ki, mənzil bazarı həm tikinti təklifindəki məhdudiyyətlər, həm də evlərin əlçatanlığı ilə bağlı problemlər səbəbindən təzyiq altındadır. Onun sözlərinə görə, tələb qalsa da, yüksək ipoteka faizləri, tikinti xərcləri və istehlakçı inamının zəifləməsi daha çox alıcının bazardan kənarda qalmasına səbəb olur.