İtaliyanın energetika şirkəti İndoneziyada irihəcmli kontrakt əldə edib

İtaliyanın energetika şirkəti İndoneziyada irihəcmli

İtaliyanın energetika podratçısı Saipem İndoneziyanın Kutei hövzəsində yerləşən dəniz qaz yatağı üçün neftin hasilatı, saxlanılması və boşaldılması üzrə üzən istehsal qurğusunun (FPSO) tikintisini nəzərdə tutan təxminən 2 milyard ABŞ dolları dəyərində kontrakt əldə etdiyini açıqlayıb.

Kontrakt PT Tripatra Engineers and Constructors şirkəti ilə yaradılmış birgə müəssisə çərçivəsində Saipem-in törəmə şirkəti olan PT Saipem Indonesia-ya həvalə edilib.

Müqavilə Eni və Petronas tərəfindən yaradılmış Searah Ltd. birgə müəssisəsinin nəzarətində fəaliyyət göstərən Eni North Ganal şirkəti ilə imzalanıb.

FPSO qurğusu İndoneziyanın Şərqi Kalimantan vilayətində, Kutei hövzəsində yerləşən Kutei North Hub qaz yatağının işlənilməsi layihəsi çərçivəsində istismar ediləcək.

Layihənin icrasının 48 ay davam edəcəyi gözlənilir. İşlərə layihənin idarə olunması, ətraflı mühəndis layihələndirilməsi, materialların tədarükü, istehsal, tikinti və quraşdırma daxildir.

Kontrakt, həmçinin sazlama-sınaq işlərinin aparılmasını və FPSO qurğusunun istismara verilməsini də əhatə edir.

MONETAR.AZ