Buğdanın qiyməti bazarın əhvalından asılı olacaq

2025-2026-cı il mövsümündə dünya üzrə buğda istehsalının və tələbatın bir qədər artacağı proqnozlaşdırılsa da, qlobal bazarda qiymətlərin ötən illərlə müqayisədə aşağı səviyyədə qalacağı gözlənilir.
Monetar.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayımladığı son hesabatda buğda bazarındakı vəziyyətə dair yeni rəqəmlər və qiymətləndirmələr açıqlayıb.
FAO bildirir ki, 2024/25-ci il mövsümündə dünya bazarında buğda qiymətləri həm ötən illə, həm də son 5 ilin orta göstəriciləri ilə müqayisədə aşağıdır. Lakin bəzi ixracatçı ölkələrdə ehtiyatların azalması və tələbatın artması nəticəsində 2025/26-cı ildə qiymətlərə müəyyən dəstək ola bilər. Buna baxmayaraq, təşkilat qiymətlərin zəif qalacağını proqnozlaşdırır.
FAO-nun hesablamalarına əsasən, 2025/26-cı mövsümdə dünyada buğda istehsalı 800,1 milyon ton olacaq ki, bu da əvvəlki illə müqayisədə cəmi 0,3 % artım deməkdir. Artımın əsas hissəsi Avropa İttifaqı, qismən də Argentina, Hindistan və Böyük Britaniya tərəfindən təmin ediləcək. Digər əsas istehsalçılar – Avstraliya, İran, Qazaxıstan, Pakistan, Ukrayna və ABŞ isə istehsalda geriləmə ilə üzləşəcək.
Buğdaya olan qlobal tələbatın isə 805,4 milyon tona çatacağı, yəni 1,3 % artacağı gözlənilir. Artım əsasən Çində və ABŞ-də yem və qeyri-qida məqsədli istifadə sahələrində baş verəcək. Əhali artımı da qida istehlakının yüksəlməsində əsas amillərdən biri olacaq.
Hesabata görə, 2025/26-cı ilin sonunda qlobal buğda ehtiyatları 2,2 % azalaraq 310 milyon tona düşəcək. Bu, dünya üzrə buğda ehtiyatlarının istifadə nisbətini 39,3 %-dən 38,1 %-ə endirəcək. Ən böyük ehtiyat azalmaları Rusiyada, habelə Argentina, Avropa İttifaqı və Pakistanda gözlənilir.
2024/25-ci ildəki kəskin azalmadan sonra 2025/26-cı ildə qlobal buğda ticarətinin 200,6 milyon tona çatacağı proqnozlaşdırılır. Bu bərpa Asiyada, xüsusilə Çin və Türkiyədə artan idxal tələbi, eləcə də Argentina, Avropa İttifaqı və Rusiyadan ixracın artması ilə əlaqələndirilir.
FAO-nun yekun qiymətləndirməsinə görə buğda qiymətlərinin gələcəkdə necə dəyişəcəyi 2024/25 mövsümünün sonunda ticarət siyasətindəki dəyişikliklərdən və bazar əhval-ruhiyyəsindən asılı olacaq. Hazırkı təchizat nisbəti isə hələlik dünya üzrə buğda bazarında ciddi risk olmadığını göstərir.