Bu həftə ABŞ-da benzinin orta pərakəndə satış qiyməti bir qallon üçün 3,50 dollardan yuxarı qalxaraq 2024-cü ilin mayından bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə qiymət monitorinqi xidmətləri AAA və GasBuddy məlumat yayıb. Xəbəri isə Reuters agentliyi yayıb.
Qiymət artımı İsrail və ABŞ-ın İranla müharibəsi fonunda yaranan təchizat narahatlıqları ilə əlaqələndirilir.
Hörmüz boğazı vasitəsilə Yaxın Şərqdən neft ixracında yaranan fasilələr dünya üzrə yanacaq qiymətlərinin artmasına səbəb olub. Bu vəziyyət istehlakçıların xərclərinə zərbə vura və qlobal iqtisadi aktivliyi zəiflədə bilər.
ABŞ-da kiçik bizneslər üçün kredit təşkilatı olan Cardiff-in baş direktoru William Stern bildirib: “Geosiyasi sarsıntıların cibinizə təsir etməsi üçün aylar lazım deyil. Bu, günlər məsələsidir. Maşını yanacaqla doldurduğunuz anda maliyyə təzyiqini hiss edirsiniz, hətta sadəcə uşaqları məşqə aparmaq üçün belə.”
Məlumata görə, prezident Donald Trumpın 28 fevralda İsrailin İrana qarşı hücumlarına qoşulmaq qərarından sonra ABŞ-da benzinin orta qiyməti təxminən 60 sent artaraq 3,58 dollar/qallon səviyyəsinə yüksəlib.