ABŞ-ın enerji naziri Kris Rayt CNN-ə açıqlamasında bildirib ki, Rusiyanın neftinə tətbiq olunan ABŞ sanksiyaları davam edəcək.
Rayt vurğulayıb ki, Vaşinqtonun Rusiyaya qarşı sanksiya siyasəti dəyişmir, eyni zamanda neft bazarındakı qiymət artımını əngəlləmək üçün addımlar atılır. ABŞ-ın Hindistana Rusiyadan neft alışı üçün lisenziya verməsi də bu kontekstdə izah olunur.
Eyni gündə Reuters ABŞ-ın Rusiyanın nefti ilə bağlı sanksiyaların yumşaldılmasını nəzərdən keçirdiyini xəbər verib. Bu addım Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətlərini sabitləşdirmək məqsədi daşıyır. Daha sonra Rumıniya və Banqladeş də Vaşinqtondan Rusiyanın nefti ilə işləməyə icazə istəyib.
Kreml rəsmiləri isə qeyd ediblər ki, Rusiyanın ABŞ ilə neft sanksiyalarının yumşaldılması üzrə əlaqəsi hələ ilkin mərhələdədir və bu məsələdə tez qərar vermək mümkün deyil.
Hazırda Yaxın Şərqdəki hərbi əməliyyatlar və Hörmüz boğazı vasitəsilə tədarükün azalması fonunda dünya bazarında neft qiymətləri kəskin artıb. Bir neçə gün əvvəl Brent neftinin qiyməti təxminən 120 dollara çatmış, sonra isə 100 dolların üzərinə qayıtmışdı.
Dünyanın bəzi ölkələri mövcud ehtiyatlardan neft buraxılmasını müzakirəyə başlayıb; məsələn, Macarıstan yanacaq ixracına məhdudiyyət və maksimum qiymət tətbiq edib.
MONETAR.AZ