ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, dənizdə qalan Rusiya neftinin alınmasına müvəqqəti icazə verilib. Bu addım mövcud neft ehtiyatlarının qlobal bazarlara çıxışını artırmaq məqsədi daşıyır.
Bessent sosial şəbəkə hesabında yazıb ki, ABŞ prezidenti Donald Trump qlobal enerji bazarlarında sabitliyi qorumaq üçün qəti addımlar atır. Onun sözlərinə görə, ABŞ eyni zamanda İranın yaratdığı təhdid və qeyri-sabitliyə qarşı mübarizə apararaq enerji qiymətlərinin aşağı səviyyədə qalmasına çalışır.
Nazir qeyd edib ki, Maliyyə Nazirliyi ölkələrə hazırda dənizdə qalan Rusiya neftini almağa imkan verən müvəqqəti səlahiyyət təqdim edib. O vurğulayıb ki, bu qərar məhdud və qısa müddətli xarakter daşıyır və yalnız artıq yolda olan neft yüklərinə şamil olunur.
Bessentin sözlərinə görə, bu addım Rusiya hökumətinə ciddi maliyyə faydası gətirməyəcək. Çünki ölkənin enerji gəlirlərinin böyük hissəsi neftin çıxarıldığı mərhələdə tətbiq olunan vergilərdən formalaşır.
Nazir həmçinin bildirib ki, Tramp administrasiyasının enerji siyasəti ABŞ-da neft və qaz istehsalını rekord səviyyəyə çatdırıb və amerikalılar üçün yanacaq qiymətlərinin azalmasına kömək edib. O əlavə edib ki, neft qiymətlərində son artım qısa müddətli və müvəqqəti bir vəziyyətdir.
ABŞ Maliyyə Nazirliyinin açıqladığı ümumi lisenziyaya əsasən, sanksiyalar səbəbilə qadağan olunmuş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və ya boşaldılması üçün müəyyən əməliyyatlara icazə verilir. Bu icazə yalnız 12 mart tarixinə qədər gəmilərə yüklənmiş neft üçün keçərlidir və 11 aprelə qədər qüvvədə olacaq.
MONETAR.AZ