“Goldman Sachs”: Brent neftinin qiyməti 2008-ci ilin rekordunu keçə bilər

“Goldman Sachs”: Brent neftinin qiyməti 2008-ci ilin

Yaxın Şərqdə artan gərginlik fonunda Goldman Sachs analitikləri neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyiblər. Bank 2026-cı ilin dördüncü rübü üçün Brent markalı neft üzrə qiymət proqnozunu 66 dollardan 71 dollara, WTI markalı neft üzrə isə 62 dollardan 67 dollara qaldırıb.

Analitiklər hesab edir ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazı vasitəsilə neft tədarükündə fasilələr daha uzun davam edə bilər. Bankın əsas ssenarisinə görə, təxminən 21 gün ərzində bu marşrutla neft axını adi səviyyənin cəmi 10 faizi qədər olacaq, daha sonra isə tədricən bərpa ediləcək.

Ekspertlərin fikrincə, tədarükün uzun müddət aşağı səviyyədə qalacağı halda Brent neftinin qiyməti 2008-ci ildə qeydə alınmış rekord həddi də keçə bilər. Həmin vaxt qiymət bir barel üçün 147,5 dollara qədər yüksəlmişdi.

Məlumata görə, mart ayında Brent neftinin qiyməti artıq 120 dollara yaxınlaşıb və ayın əvvəlindən bəri təxminən 27 faiz artıb.

Qiymət artımı əsasən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Yaxın Şərqdə gərginliyin artması ilə əlaqələndirilir. Münaqişə fonunda qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında daşınmalar ciddi şəkildə azalıb.

Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyi bazarda qiymət artımını sabitləşdirmək üçün strateji ehtiyatlardan rekord həcmdə – 400 milyon barel neftin bazara buraxılması barədə qərar qəbul edib. Agentliyin rəhbəri Fatih Birol mövcud vəziyyəti neft bazarı üçün “misli görünməmiş böhran” kimi qiymətləndirib.

MONETAR.AZ