2025-ci ildə **Amerika Birləşmiş Ştatları**ndan ixrac olunan neftin ən böyük alıcı ölkələrinin siyahısı açıqlanıb. Məlumatlara görə, ötən il ABŞ dünya bazarına təxminən 4 milyard barel neft göndərib ki, bu da ölkənin qlobal enerji ixracatçısı kimi rolunun artdığını göstərir.
Statistikaya əsasən, ABŞ neftinin ən böyük alıcısı Niderland olub. Bu ölkə 2025-ci ildə 419 milyon barel Amerika nefti idxal edərək ümumi ixracın təxminən 10,7 faizini təşkil edib.
İkinci yerdə 398 milyon barel idxalla Meksika, üçüncü yerdə isə 324 milyon barel ilə Kanada qərarlaşıb.
Siyahının növbəti pillələrində Cənubi Koreya (257 milyon barel), Yaponiya (247 milyon barel), Çin (238 milyon barel) və Hindistan (221 milyon barel) yer alıb.
İlk onluqda həmçinin Braziliya, Böyük Britaniya və İspaniya da yer alır.
Mütəxəssislərin fikrincə, Niderlandın lider mövqedə olması ölkənin böyük enerji mərkəzlərindən biri sayılan Rotterdam limanı ilə bağlıdır. Buraya gətirilən xam neftin böyük hissəsi emal edilir və ya Avropanın digər ölkələrinə yenidən ixrac olunur.
Eyni zamanda, 2025-ci ildə ABŞ neftinin Çinə ixracı 34 faiz azaldığı halda, Hindistana göndərilən həcmlər təxminən 35 faiz artıb. Bu isə qlobal enerji bazarında tələb və ticarət istiqamətlərində dəyişikliklərin baş verdiyini göstərir.
MONETAR.AZ