Bu gün dünyada Dünya Bərpaolunan Enerji Günü qeyd olunur. Hər il iyunun 22-də keçirilən bu əlamətdar günün məqsədi ekoloji cəhətdən təmiz enerji mənbələrinin təşviqi, iqlim dəyişikliklərinə qarşı mübarizə və dayanıqlı enerji gələcəyinin qurulmasına diqqətin artırılmasıdır.
İlk dəfə 2019-cu ildə təsis edilən Dünya Bərpaolunan Enerji Günü günəş, külək, su, bioenerji və digər alternativ enerji mənbələrinin əhəmiyyətini ön plana çıxarır. Təşəbbüs çərçivəsində dünya ölkələrində maarifləndirici tədbirlər, konfranslar və müxtəlif kampaniyalar təşkil olunur.
Mütəxəssislərin fikrincə, bərpaolunan enerji mənbələrinin geniş tətbiqi karbon emissiyalarının azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və ətraf mühitin qorunmasına mühüm töhfə verir. Son illərdə dünyada yaşıl enerji layihələrinə yatırımların sürətlə artması da bu sahənin strateji əhəmiyyətini göstərir.
Azərbaycan da bərpaolunan enerji sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ölkədə günəş və külək enerjisi potensialının reallaşdırılması istiqamətində iri layihələr həyata keçirilir, yeni stansiyaların tikintisi və xarici investisiyaların cəlbi davam etdirilir.
Hər il Dünya Bərpaolunan Enerji Günü münasibətilə ölkədə aidiyyəti qurumlar tərəfindən maarifləndirmə tədbirləri təşkil edilir, yaşıl enerji texnologiyalarının üstünlükləri ictimaiyyətə çatdırılır.
Ekspertlər hesab edirlər ki, qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə bərpaolunan enerji mənbələri həm iqtisadi inkişaf, həm də ekoloji tarazlığın qorunması baxımından əsas həll yollarından biri olaraq qalacaq.
MONETAR.AZ