Bloomberg аgentliyinin məlumatına görə, Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) yüklənmiş iki tanker Hörmüz boğazından çıxış istiqamətində hərəkətə başlayıb. Əgər bu cəhd uğurlu olarsa, bu, müharibə başlayandan bəri Qətər qazının regiondan kənara ilk ixracı olacaq.
“Al Daayen” və “Rasheeda” adlı qazdaşıyan gəmilər hələ fevralın sonunda Qətərdəki ixrac kompleksində yüklənmişdi. Gəmi izləmə sistemlərinə əsasən, onlar son bir ay ərzində Fars körfəzi daxilində gözlədikdən sonra indi Oman sahilləri yaxınlığında boğazdan çıxışa doğru hərəkət edirlər.
“Al Daayen” tankerinin təyinat nöqtəsi kimi Çin göstərilir ki, bu ölkə Qətər LNG-sinin dünyada ən böyük alıcısıdır. Lakin belə marşrutlar sonradan dəyişdirilə bilər.
Fevralın sonundan etibarən ABŞ və İsrailin İran-a zərbələr endirməsindən sonra bu günə qədər heç bir yüklü LNG tankeri Ormuz boğazını keçməmişdi.
Bu strateji su yolunun blokadası qlobal LNG təchizatının təxminən 20%-ni bazardan kənarlaşdıraraq ciddi qiymət şokuna səbəb olub. Həftəsonu boğazdan yalnız bir qaz tankeri keçsə də, onun boş olduğu ehtimal edilir.
Bununla belə, region daxilində ticarət davam edib: məlumatlara görə, Qətər son həftələrdə Küveytə iki LNG partiyası çatdırıb, çünki bu marşrut Hörmüz boğazından keçidi tələb etmir.
Mümkün keçid həm Qətər, həm də qlobal bazar üçün dönüş nöqtəsi ola bilər. Qətər dünya LNG ixracının təxminən 20%-ni təmin edir, lakin Ras Laffan sənaye kompleksi İran raket zərbələri nəticəsində zədələndiyi üçün bir aydan çoxdur fəaliyyətini dayandırıb.
Hətta zavodun tam işləməməsi şəraitində belə, bu tankerlərin uğurlu keçidi artıq yüklənmiş qazın dünya bazarlarına çıxarılması və ya sahil anbarlarında qalan ehtiyatların ixracı üçün yeni imkan yarada bilər.
MONETAR.AZ