Macarıstan, Rusiya, Türkiyə və Serbiya “Türk axını” qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin baş naziri Viktor Orban tərəfindən çağırılmış Müdafiə Şurasının iclasından sonra açıqlama verib. İclas Serbiya ərazisində qaz kəmərinə qarşı sabotaj cəhdi ilə əlaqədar keçirilib.
Nazirin sözlərinə görə, o, Serbiya və Türkiyənin energetika nazirləri, eləcə də Rusiyanın energetika nazirinin birinci müavini ilə telefon danışıqları aparıb.
Peter Siyarto bildirib ki, tərəflər qaz kəmərinin əvvəlkindən daha güclü fiziki mühafizəyə ehtiyacı olduğu barədə razılığa gəliblər. Onun sözlərinə görə, son vaxtlar bu infrastruktur obyektinə qarşı hücumların sayı artır.
Tərəflər yaxın əlaqə saxlamaq, hər bir ölkənin öz töhfəsini verməsi və “Türk axını” qaz kəmərinin Avropa boyunca mühafizəsi üçün qəti tədbirlər görməsi barədə də razılaşıblar.