OPEK+ iyulda neft hasilat kvotasını artıra bilər

OPEK+ iyulda neft hasilat

Neft ixrac edən ölkələr birliyinin (OPEK+) iyul ayında hasilat hədəflərini artırmaq ehtimalı gündəmdədir.

“Reuters”in məlumatına görə, OPEK+ ölkələri bu həftə Vyanada keçiriləcək texniki danışıqlarda iyul üçün hasilat kvotasının artırılması barədə razılığa gələ bilərlər.

Məlumata əsasən, gündəlik hasilat kvotasının 188 min barrel artırılması müzakirə olunur. Bu göstərici iyun ayı üçün razılaşdırılan artıma uyğun gəlir.

Qeyd edilir ki, iyun ayı üzrə artım əvvəlki 206 min barrel/sutka səviyyəsindən aşağı salınmışdı və bəzi ölkələrin istehsal məhdudiyyətləri nəzərə alınmışdı.

Analitiklərin fikrincə, yeni kvota artımı OPEK+ qrupunun tədricən normal hasilat rejiminə qayıtmaq cəhdini göstərir.

Bununla belə, Yaxın Şərqdə yaranmış geosiyasi gərginlik və Hörmüz boğazında yaşanan fasilələr bəzi ölkələrin hasilat planlarına tam əməl etməsinə mane olur.

OPEK məlumatlarına əsasən, apreldə gündəlik neft hasilatı təxminən 33,19 milyon barrel təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə azalma deməkdir.

Mütəxəssislər bildirirlər ki, qlobal enerji bazarında qeyri-sabitlik davam etsə də, istehsalçı ölkələr bazarı sabit saxlamaq üçün çevik qərarlar qəbul etməyə çalışırlar.

MONETAR.AZ