Bakı Enerji Forumu çərçivəsində keçirilən xüsusi sessiyada çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycanın gələcək qaz strategiyası, hasilat hədəfləri və ixrac coğrafiyasındakı yeniliklərlə bağlı mühüm bəyanatlar səsləndirib.
Çıxışda regional enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni dəniz yataqlarının işlənməsi prioritet istiqamətlər kimi qeyd olunub.
Azərbaycan qazının regionda ən etibarlı enerji mənbəyi olduğunu vurğulayan SOCAR rəhbəri, tədarük coğrafiyasının şaxələndirilməsi istiqamətində konkret irəliləyişləri diqqətə çatdırıb. Türkiyə, Gürcüstan və Avropa İttifaqı ölkələrinə sabit qaz nəqli müvəffəqiyyətlə davam edir. Keçən illə müqayisədə ixrac coğrafiyasına Serbiya da rəsmi olaraq əlavə edilib. Bu addım ölkəmizin Balkan regionunda strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Yaxın onilliklər ərzində mavi yanacaq hasilatını davamlı şəkildə artırmağı planlaşdıran SOCAR, həm daxili tələbatı ödəmək, həm də ixrac həcmlərini böyütmək üçün əsas resurs mənbələrini açıqlayıb:
-
AÇG Səmt Qazı: Azəri–Çıraq–Günəşli yatağında səmt qazının kommersiya hasilatına artıq start verilib.
-
"Babək" Yatağı: Dəniz blokunda aparılan işlər yaxın gələcəkdə ümumi qaz balansına ciddi töhfə verəcək.
-
Yeni Perspketivli Struktur və Yataqlar: Yeni dəniz layihələrinə cəlb olunacaq investisiyalar hesabına əlavə ixrac potensialı formalaşdırılacaq.
Rövşən Nəcəf bildirib ki, Avropadakı tərəfdaş ölkələr Azərbaycandan daha çox qaz həcmləri tələb edirlər. SOCAR Cənub Qaz Dəhlizinin (CQD) ötürücülük gücünü artırmağa və infrastrukturu genişləndirməyə tam hazırdır. Lakin layihənin icrası birbaşa olaraq iki əsas şərtdən asılıdır. Avropalı alıcılar tərəfindən qazın uzunmüddətli dövr üçün alınacağına dair hüquqi zəmanətlər (off-take müqavilələri) təqdim olunmalıdır. Kəmərlərin genişləndirilməsi layihələrinin maliyyə tutumunun bölünməsində Avropa tərəfi və beynəlxalq maliyyə institutları aktiv dəstək nümayiş etdirməlidir.
Azərbaycanın xam resurs potensialı növbəti onilliklər üçün kifayət qədər böyükdür. Lakin Avropaya ixracın pik həddə çatdırılması və boru xətlərinin genişləndirilməsi artıq Bakının deyil, birbaşa avropalı tərəfdaşların konkret maliyyə və hüquqi addımlarından asılı olacaq.