Neftin qiyməti barrel üçün $130-dan xeyli yüksək səviyyəyə qalxa bilər, əgər Hörmüz boğazından keçən enerji axınlarında problemlər davam edərsə. Bu barədə Morgan Stanley bankının strateqi Martijn Rats xəbərdarlıq edib. Onun sözlərinə görə, bazarda tələb və təklif balansını bərpa etmək üçün qiymətlərin kəskin artması lazım gələ bilər.
Adətən Hörmüz boğazı vasitəsilə gündə təxminən 20 milyon barrel xam neft və neft məhsulları daşınır. Bu marşrutda axınların qəfil dayanması təklif şoku yaradıb. Rats bunu pandemiyanın ilk aylarında baş verən və qlobal tələbin çökməsi ilə müqayisə edib, lakin bu dəfə təsirin əks istiqamətdə olduğunu bildirib.
Strateqin sözlərinə görə, dünya bazarı indi adi tələb-təklif balanssızlıqlarından xeyli böyük olan “neft çatışmazlığı” ilə üzləşib.
Problemlər artıq fiziki tədarük zəncirinin bütün mərhələlərində hiss olunur. Xüsusilə Asiya neft emalı zavodları təzyiq altındadır, çünki onların bir çoxu Ormuz boğazından gələn xam neftdən asılıdır. Bəzi zavodlar xammal qıtlığı səbəbindən fəaliyyətini yavaşlatmağa başlayıb.
Gərginlik neft məhsulları bazarında da hiss olunur. Sinqapurda aviasiya yanacağının qiyməti münaqişədən əvvəlki təxminən $90/barreldən $200/barrelə qədər yüksəlib.
Risklər yalnız tədarük zəncirinin son mərhələlərində deyil, hasilat mərhələsində də yaranır. Əgər ixrac marşrutları bağlı qalarsa və anbarlar dolarsa, istehsalçılar hasilatı azaltmağa məcbur ola bilərlər. Məsələn, İraq artıq hasilatı azaltmaq barədə açıqlama verib, çünki saxlama imkanları azalır. Eyni zamanda, Küveyt emal zavodlarının yüklənməsini aşağı salıb.
Rats qeyd edib ki, sistemdəki ehtiyat buferi məhduddur: “Bu bufer sonsuz deyil — bu, sadəcə son həddi olan anbarlar toplusudur.”
Onun fikrincə, neft qiymətləri üçün əsas sual münaqişənin davam edib-etməməsi deyil, boğazdan nə qədər neftin keçə biləcəyi və bunun nə qədər davam edəcəyi olacaq.
Bankın ən optimist ssenarisinə görə, əgər daşınmalar tez bərpa olunarsa, problemlər müvəqqəti ola bilər və Brent nefti $80–90/barrel diapazonunda qalaraq sonradan yenidən ucuzlaşa bilər.
Lakin axınlar yalnız qismən bərpa olunarsa və bazarda gündə bir neçə milyon barrel çatışmazlıq qalarsa, qiymətlərin yüksəlməsi qaçılmaz olacaq. Rats bildirir ki, belə vəziyyətdə $100/barrel səviyyəsi sensasiya deyil, bazarın balanslaşma mexanizmi ola bilər.
Ən ağır ssenaridə isə tədarük problemləri bir neçə həftə davam edəcək. Bu halda bazar artıq ehtiyatlar deyil, tələbin məhv edilməsi ilə balanslaşdırılacaq.
Strateqin sözlərinə görə, belə vəziyyətdə bazar istehlakı ciddi azaltmaq üçün lazım olan qiymət səviyyəsini axtaracaq və bu, $130/barreldən xeyli yüksək ola bilər.
MONETAR.AZ